Türkiyə Mosul əməliyyatı ilə bağlı təkliflərini koalisiyaya təqdim edəcək

Türkiyə Mosul əməliyyatı ilə bağlı təkliflərini koalisiyaya təqdim edəcək
# 14 oktyabr 2016 15:48 (UTC +04:00)

Bakı - APA. Türkiyə yaxın iki gün ərzində Mosul əməliyyatında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin tərkibində iştirak etməklə bağlı təklifini koalisiyaya çatdıracaq.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada keçirilən mitinqdə çıxışında bildirib.

R. T. Ərdoğan deyib ki, Türkiyə İraqda koalisiya qüvvələrinin tərkibində yer almaqda qərarlıdır: “Əgər bunu qəbul etməzlərsə, B planımız, o da olmazsa, C planımız işə düşəcək. Türkiyə bir qəbilə dövləti deyil. Əgər biz bu gün Suriya və İraqda terror təşkilatlarının qarşısında olmasaq, sabah Türkiyədə daha ağır durumla üzləşə bilərik. Biz kiminsə daxili işlərinə qarışmırıq, xalqımızın, dövlətimizin təhlükəsizliyini zəmanət altına alırıq. Eyni zamanda, bölgədəki insanların təhlükəsizliyini təmin etməyə çalışırıq. Türkiyə təhlükəsiz deyilsə, bölgə də təhlükəsiz deyil”.

R. T. Ərdoğan İraqın baş naziri Haydar əl-İbadinin Türkiyəyə səfəri zamanı həmin dövrdə baş nazir postunu tutan Əhməd Davudoğludan türk hərbçilərinin Mosul yaxınlığındakı Başika düşərgəsində yerləşdirilməsini xahiş etdiyini vurğulayıb: “İndi İbadi deyir ki, Başikadan çıxın. Ancaq orada soydaşlarımız, türkmən, ərəb, kürd qardaşlarımız var. Onlar bizə gəlin, kömək edin deyirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR