"Azərbaycanın əhali proqnozları təhlil olunaraq Nazirlər Kabinetinə təqdim olunacaq".
APA-nın məlumatına görə, bunu BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib.
Onun sözlərinə görə, BMT-nin Əhali Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Çexiyanın Charles Universitetinin ekspertləri əhali proqnozları proqramını həyata keçirir: "Bu proqram 2050-ci ilə qədər Azərbaycanda 3 əhali təbəqəsi üzrə (cavanlar, iqtisadi aktiv insanlar, yaşlılar) hansı proqnozların gözlənilməsi ilə bağlıdır. Proqnozlara struktur, əhali sayı, gender nisbəti, respublika üzrə hansı regionda nə qədər əhali olacağı və s. məsələlər daxildir. Bu, çox önəmli məsələdir. Çünki biz indi bilmirik ki, 2030, 2035, 2040, 2050-ci ilə qədər hansı regionda neçə məktəb, neçə xəstəxana, doğum evi lazımdır, pensiyaya nə qədər pul xərclənməlidir, körpələrin doğumuna görə nə qədər pul verilməlidir və s. Bütün bunlar planlaşdırılmış şəkildə aparılsa, daha yaxşı olar. Tutaq ki, Kürdəmir rayonunda uşaqların və cavanların sayı artacaq, Ucarda isə o qədər artım olmayacaq. Bu proqnoz olsa, biz məktəbi, xəstəxananı Ucarda deyil, Kürdəmirdə tikərik. Və ya yaşlı əhali sayı artsa, pensiya köçürmələri də artmalıdır, Maliyyə Nazirliyi müvafiq göstəriş verməlidir".
F. Babayev deyib ki, proqnoza görə, 2050-ci ilə qədər həm cavanların, həm də yaşlıların, yəni istehlakçıların sayı artacaq, iqtisadi fəal təbəqənin üzərinə böyük yük düşəcək: “Ona görə də yeni iş yerləri yaradılmalı, işsizlik səviyyəsi azaldılmalıdır. Bununla bağlı Charles Universiteti ilkin proqnozları bizə təqdim edib, biz isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmişik. Bunu təhlil etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə İşçi Qrupu yaradılıb. Təhlil nəticəsində milli transferlər hazırlamalıyıq, bu, yaradılandan sonra Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə təqdim ediləcək. Çünki Maliyyə Nazirliyi hər il büdcə ayırır, ona görə də planlaşdırmalıdır ki, 2023-cü ildən 2028-ci ilə qədər bizi nələr gözləyir. Bu, nəhəng bir prosesdir. Əminik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hesabatı həm digər nazirliklərə, həm də ictimaiyyətə çatdıracaq. Düşünürəm ki, ilin sonuna qədər təhlil aparılacaq, gələn ilin ilk 3-4 ayında yekun təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq".