Azərbaycan-Almaniya diplomatik münasibətlərinin 25 illiyi münasibətilə simpozium keçirilib

Azərbaycan-Almaniya diplomatik münasibətlərinin 25 illiyi münasibətilə simpozium keçirilib
# 29 noyabr 2017 14:46 (UTC +04:00)

Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Berlində Azərbaycanın Almaniyadakı səfirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Berlin Azad Universiteti və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı, eləcə də Almaniyanın “Business & Diplomacy” jurnalının media dəstəyi ilə elmi simpozium keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Alman-Azərbaycan Forumunun sədr müavini Helqa Daub Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan və bu uğurların, eləcə də Ermənistanın işğalçılıq siyasətinin Almaniya ictimaiyyətinə tanıtdırılması üçün bu kimi tədbirlərin əhəmiyyətindən danışıb.

Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxış edərək Azərbaycan-Almaniya münasibətlərinin möhkəm tarixi əsaslara malik olduğunu bildirib və prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Cənubi Qafqazda alman məskənləri salınmasının 200 illik yubileyi münasibətilə 2017-ci ildə bir sıra tədbir və layihələrin həyata keçirildiyini deyib. Səfir iki ölkə arasındakı münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişaf edən əməkdaşlığı vurğulayıb. R. Həsənov dost və tərəfdaş ölkə olan Almaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə daha böyük səylə töhfə verəcəyinə ümid etdiyini söyləyib.

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Andreas Peşke Azərbaycanın Almaniya və Avropa İttifaqı üçün əhəmiyyətindən, diplomatik münasibətlərin qurulmasından bəri iki ölkə arasında əlaqələrin davamlı inkişafından və müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq layihələrindən bəhs edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda həllinin əhəmiyyətini vurğulayıb və bildirib ki, status-kvonun saxlanılması yolverilməzdir. Alman diplomat ölkəsinin gələcəkdə də Minsk qrupunun üzvü olaraq münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə çalışacağını vurğulayıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Berlin Azad Universiteti adından həmin universitetdə fəaliyyət göstərən SED tədqiqat qrupunun layihə rəhbəri Ute Şmit çıxış ediblər və panel müzakirələri keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR