Bakı. Real Cəfərli - APA. “İranla nüvə məsələsində müvəqqəti razılığın əldə olunmasına baxmayaraq, bu ölkəyə qarşı tətbiq edilmiş əsas sanksiyalar öz qüvvəsində qalır”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri bildirib.
Onun sözlərinə görə, İranın bank və neft sektoruna tətbiq edilmiş əsas sanksiyalar tamamilə dəyişməz olaraq qalır: “Biz ABŞ Maliyyə Nazirliyi və digər müvafiq orqanlarla birlikdə bunun həyata keçirilməsi üçün öz səylərimizi artıracağıq. Eyni zamanda Obama administrasiyası İrandan neft ixrac edən ölkələrə sanksiyaların pozulmaması məsələsinə görə də xəbərdarlıq edib”.
C.Kerri deyib ki, rəsmi Vaşinqton İranla nüvə məsələsində daimi razılaşmanın əldə olunması üçün öz müttəfiqləri ilə məsləhətləşir: “İsrail də bu sahədə istisna təşkil etmir. İsrailin qarşı-qarşıya olduğu təhlükəsizlik məsələlərini çox yaxşı anlayıram. ABŞ İranın nüvə proqramının tamamilə sona çatması üçün öz gücü daxilində hər şeyi edəcək. İranın da nüvə proqramının dincməqsədli olduğunu isbatlaması çətin olmamalıdır. Hər kəs sonunda nə olub-olmadığını biləcək. Hərtərəfli razılaşma bu proqramın dincməqsədli olduğunu sübut etmək üçün yetərli bir sınaq olacaq”.