İran ABŞ-ın Bəhreyndəki hərbi bazasında hava hücumundan müdafiə obyektlərinə zərbə endirib.
APA xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)
son zərbələrin videosunu yayıb.
Qeyd edilib ki, ABŞ-ın hərəkətlərinə cavab olaraq, SEPAH Bəhreyndəki ABŞ hərbi bazasına uğurlu hücumlar planlaşdırıb və həyata keçirib.
***
saat 12.14
Bəhreynin hava hücumundan müdafiə sistemləri bazar günü İrandan buraxılan pilotsuz uçuş aparatlarını (PUA) ələ keçirərək məhv edib.
Bu barədə Bəhreynin Dövlət Televiziyası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, hava hücumundan müdafiə sistemləri İran PUA-larını nəzərdə tutulan hədəflərə çatmadan vurub.
Açıqlamada Tehran “məkrli hücumları vasitəsilə sistemli düşmənçilik siyasətini davam etdirməkdə” ittiham edilib.
***
saat 11.22
Bəhreyn Daxili İşlər Nazirliyi noyabrın 15-də səhər saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) krallıq ərazisinə PUA-larla zərbə endirdiyi barədə bəyanatından sonra mümkün təhlükə ilə bağlı iki dəfə xəbərdarlıq yayıb.
APA xəbər verir ki, xəbərdarlıq Bəhreyn Daxili İşlər Nazirliyinin X-dakı səhifəsində yer alıb.
“Potensial təhlükə barədə xəbərdarlıq. Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə vətəndaşları və ölkədə yaşayan şəxsləri sakitliyi qorumağa, ən yaxın təhlükəsiz yerə getməyə və rəsmi kanallar vasitəsilə xəbərləri izləməyə çağırır”, - deyə bəyanatda bildirilib.
İlk xəbərdarlıq səhər tezdən verilib, bir neçə saat sonra isə nazirlik eyni məzmunlu daha bir məlumat yayıb. Krallığın Daxili İşlər Nazirliyi təhlükənin xarakterini açıqlamayıb.
Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndəki Əl-Rifaa helikopter bazasında yerləşən ABŞ radar stansiyasına altı PUA ilə hücum etdiyini açıqlayıb. SEPAH-ın bəyanatında bu zərbənin ABŞ hərbçilərinin hərəkətlərinə “qətiyyətli və sarsıdıcı cavabın ikinci mərhələsi” olduğu qeyd edilib.
***
saat 09.16
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreynin Əl-Rifaa helikopter bazasında ABŞ-ın hava hücumundan müdafiə sisteminin radarına altı pilotsuz uçuş aparatı (PU)A ilə zərbə endirildiyini bəyan edib.
APA xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
SEPAH bir daha bəyan edib ki, Hörmüz boğazı bağlıdır.