Ukraynaya yardımların məhdudlaşdırılması yeni müharibəyə gətirib çıxaracaq.
APA xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bu barədə X-da paylaşımında bildirib.
Emmanuel Makron qeyd edib ki, Rusiya Avropa ölkələrindən birinə öz iradəsini güc yolu ilə qəbul etdirərsə, bu, bütün regionu zəiflədəcək: “Ukraynaya yardımların məhdudlaşdırılmasına çağıranlar, əslində, onu ədalətsiz sülhə məcbur etmək, uzunmüddətli perspektivdə müdafiəsiz vəziyyətə salmaq, bununla da bütün Avropanı zəiflətmək istəyirlər. Bu, məğlubiyyətçilik ruhudur. Bu, növbəti müharibəyə aparan birbaşa yoldur”.
Fransa Prezidenti qeyd edib ki, Ukraynadakı müharibə noyabrın 12-də keçirilən Avropa Siyasi Birliyinin 9-cu sammitində və noyabrın 13-də Dublində Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi sammitində müzakirələrin əsas mövzusu olub: “Liderlər iki prioritet üzrə razılığa gəliblər: Ukraynaya qışı adlamaqda kömək etmək, həmçinin onunla birlikdə “ədalətli və davamlı sülhə nail olmaq istiqamətində” işi davam etdirmək lazımdır. “Avropa bu prosesdə ən fəal iştirak etməlidir, çünki qitəmizin təhlükəsizliyi də bu sülhdən asılıdır”, - deyə o vurğulayıb.
Fransa Prezidenti həmçinin vurğulayıb ki, adi silahlarla təchiz olunmuş və Avropanın ən güclü ordusuna malik Ukraynanın NATO-da yeri olmalıdır. Makron hesab edir ki, Kiyev Alyansla birlikdə Avropanın təhlükəsizlik arxitekturasında “əsas rol oynayır: “İndi biz daha irəli getməli və müharibədən sonrakı nizamı necə gördüyümüzü, o cümlədən Rusiya tərəfinə aydın şəkildə bildirməliyik. Həmçinin Avropanın uzunmüddətli təhlükəsizliyi kontekstində ABŞ-dan nə gözlədiyimizi müəyyənləşdirməliyik”.
Polşa və Bolqarıstan Ukraynaya yardım etməyəcək
Makron bu bəyanatı noyabrın 13-də Polşa Baş naziri Donald Tuskun Dublində ölkəsinin PURL proqramı çərçivəsində Avropa ölkələrinin Ukrayna üçün ABŞ istehsalı olan silahların alınmasına ayırdığı vəsaitə töhfələri dayandıracağını açıqlamasından sonra səsləndirib.
Polşa hökumətinin başçısı bu qərarın səbəbləri arasında böyük büdcə kəsirini və Varşavanın müdafiə xərclərinin yüksək olmasını göstərib: “Biz Ukraynaya yardım etmişik və çox ciddi şəkildə kömək etməyə davam edirik. Lakin maliyyə imkanlarımızı nəzərə alaraq, Polşa əlavə vəsait yatırmayacaq. Çünki öz müdafiə və təhlükəsizliyimizlə bağlı xərclərimiz var və bu xərclər Avropada ən yüksək göstəricilərdən biridir”.
Dublində oxşar bəyanatla Bolqarıstanın Baş naziri Rumen Radev də çıxış edib. Rumen Radev deyib ki, Avropa İttifaqı Bolqarıstanla bağlı həddindən artıq büdcə kəsiri proseduruna başlayıb. Onun sözlərinə görə, Bolqarıstan hakimiyyəti yalnız vəsaitlərin silah alınmasına deyil, humanitar yardıma, enerji təchizatına və tibbi ehtiyaclara yönəldilməsi şərtilə bu prosesdə iştirakını müzakirə etməyə hazırdır.