Bakı. Real Cəfərli - APA. ABŞ dövlət katibinin müavini İranla “altılıq” ölkələri arasında yekun razılaşmanın əldə olunmasından sonra rəsmi Tehranın uranı zənginləşdirməsinin şərtlərini açıqlayıb.
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, Vendi Şerman İsraildə jurnalistlərə açıqlamasında bildirib ki, İran öz ehtiyacları üçün ölkə daxilində uranı məhdud çərçivədə, tam nəzarət altında, yoxlanılması mümkün olan qədər və müəyyən ölçüdə zənginləşdirə bilər: “Yəni İran yekun razılaşmadan sonra uranı həmin şərtlər qorunmaqla zənginləşdirə bilər. Əgər bu şərtlərə riayət olunmazsa, o zaman yekun razılaşmanın əldə edilməsi mümkün deyil”.
Onun sözlərinə görə, ABŞ da İsrail kimi İranın uranın zənginləşdirilməsi prosesinə son qoymasının tərəfdarıdır: “Ancaq bu istəyin reallığa çevrilməsi mümkün deyil. İranla razılaşma bizim istədiyimiz kimi deyil, gördüyümüz kimidir. İranda uranın zənginləşdirilməsi prosesi yoxlama və tam nəzarət altında olmalıdır. ABŞ da daxil olmaqla “altılıq” ölkələri iyulun 20-dək İranla yekun razılaşmanın əldə olunmasının tərəfdarıdır”.
V.Şerman deyib ki, növbəti nüvə müzakirələrinin yeri və vaxtı məlumdur: “Ancaq bu danışıqlar çox çətin keçəcək. Lakin müzakirələri daha da çətinləşdirmək lazım deyil, məsələnin həlli üçün diplomatik səylər davam etməlidir. İran hələlik öz öhdəliklərinə əməl edir. ABŞ diqqətlə müzakirələrə qatılıb və danışıqların müsbət nəticələnəcəyi hələlik məlum deyil. Ancaq İran və “altılıq” ölkələri razılaşmanın əldə olunması üçün öz üzərlərinə məsuliyyət götürüblər. Ketrin Eştonun müzakirələrin yeni mərhələsi başlanması ilə əlaqədar mart ayında İrana səfər etməsi qərara alınıb”.
ABŞ dövlət katibinin müavini vurğulayıb ki, İranla müzakirələrdə müvəffəqiyyət əldə olunub: “Bu da İranın artıq nüvə silah əldə edə bilməyəcəyidir. Biz bəzən İsraillə eyni fikirdəyik, bəzən də deyil. Lakin İsrailin mövqeyini öyrənmək bizim üçün əhəmiyyətlidir”.