Bakı-APA. ABŞ və Rusiya Suriyaya humanitar yardımın göstərilməsində əməkdaşlıq etmək haqda razılıq əldə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf deyib. O bildirib ki, müvafiq razılaşma iki ölkənin xarici siyasət idarələri başçılarının görüşündə əldə edilib.
“Dövlət katibi Kerrinin Lavrovla görüşündən sonra tərəflər yaxın zamanlarda “Cenevrə-2” konfransının təşkil edilməsinə tərəfdar olduqlarını təsdiqləyib. Tərəflər həmçinin yerlərdəki dəhşətli humanitar durumu müzakirə edib. Onlar razılığa gəlib ki, köməkçiləri Suriyadakı insanların problemlərinin azaldılması üçün edə biləcəklərimizi araşdıracaq və bir-birilə əlaqə saxlayacaq”, - deyə o vurğulayıb.
Bununla belə Harf Suriyanın hökumət və müxalifət nümayəndələrinin görüşəcəyi konfransın mümkün tarixləri ilə bağlı şərh verməkdən imtina edib.