Bakı-APA. ABŞ prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Amerikanın terrora qarşı çıxdığını, hər zaman Türkiyənin yanında olduğunu bəyan edib və Hatay vilayətinin Reyhanlı qəsəbəsində törədilmiş terror aktları ilə əlaqədar başsağlığı verib.
APA-nın məlumatına görə, Barak Obama Suriya məsələsinə toxunaraq qeyd edib ki, ABŞ Bəşər Əsəd rejiminə təzyiq göstərməkdə və Suriya müxalifətinə yardım etməkdə davam edəcək: “Biz Suriyanın Bəşər Əsədin iştirak etməyəcəyi demokratik proseslərə meylini bundan sonra da dəstəkləmək niyyətindəyik. Əsədin hakimiyyətdən getməsi məsələsində bizim mövqemiz qətidir. Bəşər Əsədin ölkədə törətdiyi zorakılığa artıq son qoyulmalıdır. ABŞ Suriya ilə əlaqədar məsələlərdə Türkiyə ilə sıx əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirəcək”, deyə Obama qeyd edib.
Obama həmçinin qeyd edib ki, Suriya üzrə Cenevrədə keçiriləcək danışıqlarda Türkiyəyə mühüm rol ayrılır.
Barak Obama həmçinin Ərdoğanı PKK probleminin aradan qaldırılması istiqamətində son nailiyyətlərə görə təbrik edib.