Bakı. Şamil Əlibəyli-APA. BMT baş katibi Pan Gi Mun Suriya ilə bağlı “Cenevrə-2” beynəlxalq konfransına hazırlıq məqsədilə ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb. APA-nın BMT mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə C.Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Suriyadakı hadisələri müzakirə etdiyini deyib: “Sergey Lavrovla söhbətdə biz Cenevrə-1 konfransında qəbul olunan öhdəliklərinin yerinə yetirilməsi üçün bütün tərəflərin Cenevrə-2 konfransında toplaşmağın vacibliyini qeyd etdik”.
BMT baş katibi bildirib ki, artıq iki ildir ki davam edən münaqişə nəticəsində 100 min insan həlak olub, milyonlarla insan qaçqın və məcburi köçkün olub: “Hər iki tərəf hərbi əməliyyatlardan və zorakılıqdan imtina etməlidir. Bu da Cenevrədə keçiriləcək konfransın tez bir zamanda təşkil etməsi üçün vacibdir”.
Baş katib eyni zamanda ABŞ dövlət katibinin Yaxın Şərqdə sülh danışıqların yenidən başlanması ilə bağlı səylərini alqışlayıb.