Bakı-APA. BMT baş katibi Pan Gi Mun Holokost qurbanlarının xatirəsinə həsr edilmiş beynəlxalq anma günü münasibəti ilə müraciət yayıb.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, hər il Auşvitz həbs düşərgəsinin azad edilməsinin ildönümü günündə Holokost qurbanlarının xatirəsini yad olunur: “Biz milyonlarla günahsız insanın əzablarını xatırlayır, anti-semitizmin fəsadlarını və nifrətin bütün formalarını qınayırıq. Bu il biz diqqətimizi Holokostla bağlı səyahətlərimizə yönəldirik - və mən özümün bu yaxınlarda etdiyim səyahətimi xatırlayıram.
Keçən ilin noyabr ayında mən Auşvits-Birkenau-dakı bədnam “arbeit macht frei” zastavasına baş çəkdim. Bu səfərimi heç vaxt unutmayacağam.
Mən soyqırımı maşınının dəhşətli qalıqlarını, eləcə də 1930-cu illərdəki Avropa Yəhudilərinin həyatları - toylar, ailə yeməkləri, rituallar, gündəlik sadə həyatın digər səhnələrini əks etdirən hərəkətli təsvirləri gördüm ki, bütün bunlar insan tarixindəki ən dəhşətli ardıcıl qətllər vasitəsilə məhv edilib.
Mən, yəhudilərin, romalıların, sintilərin, homoseksualların, təfriqəçilərin, müharibə əsirlərinin, əlilliyi olan insanların həyatlarının son günlərini ən acınacaqlı şəraitdə keçirdikləri kazarmaları gördüm. Birləşmiş Millətlər Təşkilatı bu cür dəhşətlərin bir daha baş verməsinin qarşısını almaq üçün yaradılıb. Ancaq Kambodiyadan Rvandaya və Srebrenikaya qədər uzanan faciələr soyqırımı zəhərinin hələ də durmadan axdığını göstərir.
Biz mənfi düşüncələrə, ekstremist ideologiyalara, icma daxili gərginliklərə və etnik azlıqlara qarşı ayrı-seçkilik hallarına qarşı çox sayıq olmalıyıq. Biz, həm də uşaqlarımızı bu mövzularda maarifləndirməliyik. Holokost və Birləşmiş Millətlər Təşkilatının Təşviqat Proqramı bu maarifçiliyin bütün dünya tələbələri arasında yayılması məqsədilə effektiv tədris materialları hazırlayıb və güclü tərəfdaşlıqlar qurub.
Auşvitzdəki krematoriumun yaxınlığında dayanarkən mən onun daxilində baş vermiş bütün hadisələrdən dərin bir kədər hissi duyurdum. Ancaq mən, həm də bütün insanlıq naminə o ölüm düşərgələrindəkiləri azad edən insanların varlığından ilhamlanırdım. Gəlin, bu gün hamı üçün bərabərlik və ləyaqət dünyasına birgə səyahətimizdə bütün qüvvələrimizi birləşdirək”.