Bakı-APA. Suriya üzərində uçuşa qadağan zonasının yaradılması yalnız münaqişənin böyüməsinə səbəb olacaq. APA-nın məlumatına görə, BMT baş katibi Pan Gi Mun bu fikirdədir. Bu barədə jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Eduardo Del Buey məlumat verib.
«Suriyada münaqişə başlayandan baş katib aydın mövqe tutub. O mövqeyə əsasən vəziyyətin istənilən hərbiləşdirilməsi fayda gətirməyəcək və ziyanlı olacaq», deyə Del Buey bildirib.
«Uçuşa qadağan zonasının yaradılması hərbiləşdirmək deməkdir, çünki kimsə lazım olan məqamda güc tətbiq eləməli, hücum etməli olacaq», deyə Del Buey əlavə edib.
Eyni zamanda BMT nümayəndəsi müvafiq qərarın Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməli olduğunu vurğulayıb.
«BMT baş katibi Təhlükəsizlik Şurasının məsələ ilə bağlı qəbul etdiyi istənilən qərara tabe olacaq», deyə o əlavə edib.