Bakı-APA. BMT Təhlükəsizlik Şurasının keçirilmiş növbədənkənar toplantısında Misirdə zorakılığa son qoymağa çağırılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu iclasın yekunlarına dair Təhlükəsizlik Şurasının sədri Mariya Kristina Perseval bildirib.
“Şura üzvlərinin mövqeyi ondan ibarətdir ki, Misirdəki zorakılığa son qoyulmalıdır, tərəflər isə maksimum təmkinlilik nümayiş etdirməlidirlər”, deyə o qeyd edib.
Mariya Kristina Persevalın sözlərinə görə, Misirdə “zorakılığa son qoymağa və milli barışığı tezləşdirməyə dair ümumi arzu var”.
Qeyd edək ki, bundan öncə Fransa, Böyük Britaniya və Avstraliya Misirdəki hadisələrlə bağlı BMT TŞ-nın təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Təhlükəsizlik Şurası BMT baş katibinin müavini Yan Eliassonun Misirdəki vəziyyətlə bağlı məruzəsini dinləyib.
İclasın nəticələrinə görə heç bir bəyanat, qərar və ya qətnamə qəbul edilməyib.