Bakı. Şamil Əlibəyli - APA. Dekabrın 15-də Çilidə keçirilən prezident seçkilərinin ikinci turunun nəticələri məlum olub.
APA-nın “Euronews” kanalına istinadən verdiyi məlumata görə, Sosialist Partiyasının namizədi Mişel Baçelet seçicilərin səslərin 63 faizini toplayaraq ikinci dəfə Çilinin prezidenti seçilib.
Onun Mühafizəkarlar Partiyasından olan rəqibi Evelin Mattei səslərin 37 faizin toplayıb. O, artıq öz məğlubiyyətini etiraf edib və M.Baçeleti qələbə münasibətilə təbrik edib.
Çilidə prezident seçkilərinin birinci turu noyabrın 17-də keçirilib.
Qeyd edək ki, M.Baçelet hələ 2006-2010-cu illərdə ölkəni idarə edib. 2002-2004-cü illərdə o, Çilinin ilk qadın müdafiə naziri olub. Bu il keçirilən prezident seçkilərdə M.Baçelet seçicilərə təhsil sistemində islahatlar aparacağını və təqaüdləri artıracağını vəd edib.