Bakı. Real Cəfərli - APA. “ABŞ hökuməti böyük ehtimalla İranın dondurduğu əmlakının bir hissəsini sanksiyalardan azad edəcək”.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.
Onun sözlərinə görə, ABŞ İranla “altılıq” ölkələri arasında nüvə proqramının həlli ilə bağlı razılıq əldə olunacağı təqdirdə bu addımı atacaq: “İrana qarşı tətbiq edilmiş sanksiyaların 95%-i öz qüvvəsində qalacaq. Yalnız 5%-lik kimi çox cüzi bir hissə sanksiyalardan azad olunacaq”.
Bu arada ABŞ-da nəşr olunan “The New York Times” qəzeti ABŞ dövlət katibi Con Kerri və vitse-prezident Co Bayden İranla nüvə məsələsində qarşılıqlı anlaşma üçün Konqresdən daha çox vaxt verməsini istədiyini yazıb. Qəzet bu çərçivədə hər iki dövlət rəsmisinin amerikalı senatorlarla görüşlər keçirməyə başladığını və Konqresdən İranla nüvə məsələsində razılığın əldə olunmasına nail olmaq üçün Ağ Evə lazımi manevr etmək imkanı vermələrini xahiş ediblər. Mətbu orqan həmçinin onların ABŞ Konqresini İrana qarşı tətbiq olunacaq yeni sanksiyaların doğuracağı mənfi nəticələr barədə xəbərdarlıq etdiklərini də yazıb.