Bakı. Real Cəfərli - APA. “ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Robert Levinsonu unutmayıb. Biz İranın bu mövzuda ABŞ-a yardım göstərə biləcəyini hesab edirik”.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.
Onun sözlərinə görə, R. Levinsonun geri gətirilməsi üçün bir çox cəhdlər müvəffəqiyyətsiz qalıb və onu buraxmayıblar: “Mən bu məsələ ilə şəxsən maraqlanıram və digər kanallarla da mövzunu izləməyə davam edirik”.
Qeyd edək ki, ABŞ mətbuatı 2004-cü ilin martında İranın Kiş adasında itkin düşmüş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq agentinin itdiyi sırada bu kəşfiyyat orqanında vəzifə yerinə yetirdiyi ortaya çıxarıb. Ancaq ABŞ rəhbərliyi R. Levinsonun hökumət adına işləməsi iddialarını indiyədək rədd edib. MKİ rəsmiləri də bununla bağlı ABŞ Konqresinə verdikləri ifadələrdə R. Levinsonun onlar üçün işləmədiyini söyləyiblər. Ağ Ev isə R. Levinsonun bir iş səyahəti əsnasında itdiyini açıqlayıb. Lakin yerli mətbuat onun MKİ tərəfindən göndərildiyini və ailəsinə də hökumətə iddia açmamaları qarşılığında 2.5 milyon dollar təzminat ödənildiyini yazıb.