Bakı. Şamil Əlibəyli-APA. ABŞ-ın dövlət katibi Con Kerri İsrailin baş naziri Binyamin Netanyahu və Fələstinin prezidenti Mahmud Abbasa sülh danışıqların bərpası üçün dəvət göndərib. APA-nın Dövlət Departamentin saytına istinadən verdiyi məlumata görə, dəvətdə Con Kerri Vaşinqtona yüksək səviyyəli danışıqlar üzrə nümayəndə heyətləri göndərməyi təklif edir.
İsraili bu danışıqlarda ədliyyə naziri Çipi Livni və hüquqşünas Yitzhak Molço, Fələstini isə İsraillə danışıqlar üzrə təmsilçisi Saeb Erekat və Məhəmməd Ştayeh təmsil edəcəklər. Danışıqlar sabaha təyin olunub.
C. Kerri bu barədə danışaraq qeyd edib ki, həm B. Netanyahu, həm M. Abbas danışıqları davam etdirilməklə böyük cəsarət nümayiş etdiriblər: “Hər iki ölkə rəhbəri çətin qərarlar qəbul etmək istəyi nümayiş etdirir. Biz buna görə təşəkkür edirik”.
Qeyd edək ki, C. Kerri iyulun 19-da İordaniya paytaxtı Əmmana etdiyi səfər zamanı İsrail və Fələstin arasında danışıqların yenidən başlamasına razılığın əldə olunduğunu bəyan edib.