Bakı-APA. Dövlət Departamenti KİV-lərdə ABŞ prezidenti Barak Obamanın misirli həmkarı Məhəmməd Mursiyə ölkədə növbədənkənar seçkilər keçirmək çağırışı ilə bağlı xəbərləri təkzib edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib.
“ABŞ Misirdə gedən demokratik prosesi dəstəkləyir, lakin heç bir partiyanı və qrupu dəstəkləmir... Biz bununla bağlı hər hansı bir mövqe seçmirik, nəticə çıxarmaq bizim işimiz deyil”, deyə o qeyd edib. Onun sözlərinə görə, “ABŞ-ın həm prezident Mursi ilə, həmdə ki müxalifətlə təmasları var”.
Onun sözlərinə görə, ABŞ ümid edir ki, prezident xalqın dinc yolla ifadə etdiyi fikrə hörmətlə yanaşacaq. Obama və Mursi arasında, həmçinin ABŞ dövlət katibi Con Kerri və Misirin istefaya gedən XİN rəhbəri Məhəmməd Kamil Əmr arasında telefon danışıqları olub.
Qeyd edək ki, Misirdə milyonlarla insanın iştirakı ilə prezident Məhəmməd Mursinin istefası tələbi ilə etiraz aksiyaları keçirilir.