Bakı. Real Cəfərli - APA. ABŞ Dövlət Departamenti noyabrın 4-də İranda ABŞ-a əleyhinə keçirilmiş kütləvi aksiyaya münasibət bildirib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf bildirib ki, bu gün İranla ABŞ arasında keçmişə söykənən bir etimadsızlıq hissi mövcuddur.
Ancaq bununla belə, ABŞ rəsmisi bu həftə böyük bir ümidlə Cenevrədə İranla növbəti nüvə müzakirələri üçün masa arxasına əyləşəcəklərini deyib.
M.Harf İran prezidenti Həsən Ruhaninin İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələrinə nikbin baxmamasına toxunub: “ABŞ da bundan əvvəl nüvə müzakirələrinin çətin keçəcəyini söyləyib. Bu da etimadsızlıq duyğusundan qaynaqlanır”.