Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani və onun rəhbərlik etdiyi nümayəndə heyəti BMT baş katibi Pan Gi Munun BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak edən qonaqlarına şərəfinə verdiyi ziyafətə qatılmayıblar.
APA-nın İRİB-ə istinadən məlumatına görə, buna səbəb ziyafətdə İslam dinin haram buyurduğu alkoqollu içkilərin olmasıdır. İran nümayəndə heyətləri isə rəsmi protokol qaydalarına əsasən spirtli içkilər olan mərasimlərdə iştirak etmirlər.
Qeyd edək ki, İran prezidenti həmin ziyafətə dəvətli olub. Ümumiyyətlə, əvvəllər də İran nümayəndə heyəti bu cür ziyafətlərə qatılmayıblar. Bəzi kütləvi informasiya vasitələri isə İran və ABŞ prezidentləri arasında görüşün həmin mərasimdə baş tutacağını xəbər vermişdilər.