Bakı-APA. ABŞ prezidenti Barak Obama Suriyada kimyəvi silahın istifadəsinə cavab tədbiri ilə bağlı hal-hazırda heç bir qərar verməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə vitse-prezident Co Bayden bildirib.
“Prezident hələlik qərar qəbul etməyib”, deyə Bayden bildirib.
Qeyd edək ki, Suriyada vəziyyət avqustun 21-də kritik mərhələyə keçib. Belə ki, məhz həmin gün bir sıra KİV-lər hökumət qüvvələrinin Dəməşq ətrafında kimyəvi silahdan istifadə etməsi barədə məlumatlar yayıb. Suriya müxalifətinin milli koalisiyası 1300-dən çox insanın öldüyünü iddia edir. Hakimiyyət və ordu komandanlığı, öz növbəsində, bu xəbərləri təkzib edir. Məhz bu hadisədən sonra Suriyaya hərbi müdaxilə məsələsi Qərbdə gündəmə gəlib.
KİV-lərin yaydığı xəbərə görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays, müdafiə naziri Çak Heygel və milli kəşfiyyatın rəhbəri Ceyms Klepperin Konqres qarşısında Suriya məsələsi ilə bağlı çıxışları planlaşdırılıb.