Bakı. Real Cəfərli – APA. Nyu-York Federal Məhkəməsi ikili vətəndaşlığa sahib olan İran əsilli Mənsur Ərbabsiarı 25 il müddətinə azadlıqdan məhrum edib.
APA-nın məlumatına görə, M. Ərbabsiar Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adil əl-Cübeyrə qarşı sui-qəsd aktı həyata keçirmək cəhdində ittiham olunur.
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) və narkonəzarətin 2011-ci ilin mayından başladığı xüsusi əməliyyat nəticəsində sui-qəsdin üstü açılıb.
58 yaşlı M. Ərbabsiarın cinayətin icraçılarını axtararkən məxfi fəaliyyət göstərən narkonəzarətin əməkdaşı ilə əlaqəyə girdiyi və həmin şəxsin vasitəsilə “Zetas” kartelindən olan meksikalı narkotacirlərə çıxmaq istədiyi bildirilir.
M. Ərbabsiar həbs olunub və cinayətini etiraf edib. Ancaq sui-qəsdin təşkil olunmasına görə şübhəli sayılan digər iranlı – İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) “Qüds” qanadının agenti olan Qulam Şakuri qaça bilib.
Onların Səudiyyə Ərəbistanı səfirinin tez-tez olduğu restoranda partlayış təşkil etmək və bunun üçün 1,5 milyon dollar vəsait xərcləməyi planlaşdırdıqları qeyd olunub.