APA-nın məlumatına görə, bu barədə “Guardian” nəşri xəbər yayıb.
“Venesuela prezidenti kimi ABŞ-ın gənc vətəndaşı Edvard Snoudenə siyasi sığınacaq verməyə hazıram. O Bolivar və Çavesin vətənində, ABŞ-ın təqibindən uzaqda rahat yaşa bilər”. Bu fikirləri Venesuela prezidenti Nikolas Maduro deyib. Maduronun bu açıqlaması müxalifətdə ciddi narazılıq doğurub. Seçkilərdə Maduronun rəqibi olan Enriko Kapriles bildirib ki, prezident bu üsullarla vətəndaşların diqqətini ölkənin problemlərindən uzaqlaşdırmağa çalışır.
Dünən Nikaraqua prezidenti Daniel Orteqa da Edvard Snoudenə siyasi sığınacaq verməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, MKİ-nin sabiq əməkdaşı Edvard Snouden hələ də “Şeremetyevo” aeroportunun tranzit zonasında saxlanır. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, əgər Snouden ABŞ əleyhinə fəaliyyətdən imtina etsə, ona Moskvada siyasi sığınacaq verilə bilər.