Bakıda çayxana açsaq, nə qədər qazanarıq? - APA TV

# 11:29
22 oktyabr 2022

Bu gün hər kəs öz şəxsi biznes, əlavə gəlir yeri və sərbəst iş barədə düşünür. Kiçik biznes qurmaq üçün müəyyən qədər vəsaitiniz varsa, ancaq hansı işə başlamağınızla bağlı tərəddüd edirsinizsə, APA TV-nin “Cib dostu” layihəsi

məhz sizin üçündür.

 

Layihə çərçivəsində az büdcə ilə iş qurmaq istəyənlərə bütün sahələr üzrə A-dan Z-yə məlumat verəcəyik.

 

Layihəmizin ilk verilişində isə çayxana biznesi haqqında dolğun məlumat alacaqsınız. Yaxşı gəlir gətirən çayxana necə qurulur? Bunun üçün nə qədər vəsait lazımıdr? Bu sahədə hansı risklər var?   

 

Suallarımıza cavab tapmaq üçün ilk olaraq Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin eksperti Elşad Şiriyevlə əlaqə saxladıq: “İlk növbədə Vergilər Nazirliyinə şəxsiyyət vəsiqəsi ilə müraciət eləyərək bunu həm onlayn, həmdə ki belə deyək, yazılı şəkildə müraciət eləyərək fiziki şəxs kimi qeydiyyatdan keçir. Sahibkar bu biznesi yaratmaq istəyirsə KOB-a müraciət eləyir. Və bizim ona verəcəyimiz ilk tələbimiz odur ki, həmin o sahibkar bu sahədə heç olmasa müəyyən bilikləri olmalıdır. Çayxana biznesində müvafiq icazənin alınması üçün Sanitar Epidemioloji stansiyasından müəyyən tələbləri vardır. Məsəl üçün, məkan seçilərkən ən azı 15 kvm olmalıdır. İşıqlı, quru və təmiz olmalıdır. Dekorasiya da önəmli bir rol oynayır. Çünki müştərilər gələrkən orada çayxana, yanı çay abu-havasını yaşamalıdır. Həmçinin reklam da böyük rol oynaya bilər. Reklamlarda daha çox qabardılan sizin müştərilərə verəcəyiniz xidmətlə özünüzü sübut edə bilərsiniz. Elektron menyular yaradılır və onun üzərində QR kod telefonunuz vasitəsilə həmin o menyunu aça bilirsiniz”.

 

Çayxana biznesində məkan seçərkən uyğun yer tapmaq, o ərazidəki müştəri bazasını, məkanın önündən keçən insan axınını, yaxın gələcəkdə dəyər qazanacaq əraziləri nəzərə almaq lazımdır. Oradakı insanların yaşı və sosial vəziyyətləri haqqında məlumatlı olmalısız. Seçdiyiniz məkan gənclərin çoxluq təşkil etdiyi universitet ətrafı və ya orta yaşlı insanların dincəldiyi məhəllə tipli və s. kimi yerlər ola bilər. Obyektinizin interyerini seçərkən də bunları nəzərə almalısınız.

 

Çay evi sahibi Hümbət Zeynalov deyir ki, çay evi demək olar ki, bu insanların görüş yeri, söhbət yeri, münasibət qurmaq üçün yerləridir: “Çayı dəmləməyi də, orda dəmləmə müddəti gərək çox diqqətli olasan ki, o çayın vaxtını keçirməyəsən. Dəmləmə müddəti o çayı 5 dəqiqə, 7 dəqiqə dəmdə qoyuruq, hansı ki, çayın dəmi üzə alandan sonra klientlərə veririk. Bizdə çeşidlərimiz, təbii otlarla klientlərimiz çay istəyirlər. Qantəpərdi, Gülxətmidi, ondan sonra Yarpızdı, daş Yarpızıdı, Kəkotudu. Verdiyimiz çaysa təmiz, halal, doğru, nətər deyim, dədə-baba qaydasıyla dəmləyib müştəriyə veririk. Ona görə ki, gələnlər də bizim çayımızdan razılıq edirlər”.

 

Digər çay evi sahibi Elsevər Mürsəliyev deyir ki, bu işə başlayanlara yəni, məsləhətim o olar ki, ilk növbədə restoranı açan kimi yəni, müştəri gəlmir: “Təbii ki, gələn müştərilər də, müştərilər gələndən sonra da onları elə qarşılamalıdırlar, elə çay, elə yemək təqdim etməli, elə qulluq görtərməlidirlər ki, yəni bir daha gəlsinlər. Ziyanı da olur, gəliri də olur bu işin. Həm ziyanını da görməlisən, həm gəlirini də. Şükür Allaha ki, ziyana çox getməmişik”.

 

Biznesinizi quracağınız sahədə rəqabəti tənzimləmək üçün əvvəlcə iş quracağınız ərazidə rəqabət vəziyyətini analiz etməlisiniz. Rəqib obyektlə yaxın məsafədə olmağın həm müsbət, həm də mənfi nəticələri ola bilər. Əgər öz xidmətinizə və keyfiyyətinizə güvənirsinizsə, rəqabət zamanı insanların seçimləri arasında yer ala bilərsiniz. Əks təqdirdə isə sərmayə qoyduğunuz çayxana rəqabətə tab gətirməyə bilər.

 

Çay evi sahibi İlqar Əliyev deyir ki, çay evi biznesinə başlamaq üçün məkanı düzgün seçmək lazımdır, işçiləri düzgün seçmək lazımdır: “Hər şey yolunda düzgün getsə, bəli, gəlir əldə etmək olar və ona gəlir mənbəyi kimi yanaşmaq olar. Məkan seçimi edərkən məkanın dizaynına və şəraitinə diqqət etmək lazımdır ki o şərait əlverişli olsun. Ən ümdəsi də mətbəxi. Hər zaman müştəri haqlıdır. Düzdü bəzən olur ki, elə müştərilər var ki, kaprizlərinə məcburuq dözək. Amma müştəri məmnuniyyəti bizim üçün çox önəmlidir”. 

 

Çayxana işində sənədlərin daim qaydasında olmalıdır. Vaxtlı-vaxtında vergini ödəyib, hesabatını verməlisən. Əks təqdirdə yüksək məbləğdə cərimə qaçılmazdır ki, bu da aylıq gəlirə ciddi təsir göstərən amildir. Ödəmələrdən imtina isə lisenziyanın birdəfəlik ləğvi ilə nəticələnə bilər.

 

Administrator Mehdi Bağırov deyir ki, müştəri obyektə daxil olduqda müştərini hansı aurada qarşıladızsa, o aurada da müştəri əyləşəcək: “Berqa və yaxud da çempion daha çox üstünlüklər verilir. Yaşıl çaylardan və yaxud bitki çaylarından Avalariya yanı Qantəpər deyirik, o çaylara çox üstünlüklər verilir. Bizdə üstünlük ancaq samovar çayıdır. Başqa çaylar yoxdur və filtr olunmuş su ilə. Bir samovar 15-17 litr su tutur. Və bizdə satılan çaylar 30-35 yəni ki çay dəsgahı, əlavə olaraq o çaylar onlar heç onları demirəm. Amma çay dəzgahı olaraq 30-35”.

 

Yeni başladığımız hər yeni işdə əlbəttə ki, risklər var. Ona görə də görəcəyimiz işə qərar verib, bizi gözləyən riskləri dəyərləndirməliyik. Çünki ilkin mərhələdə biznes gəlir gətirmir. Çayxanalar və kafelər yüksək risk qrupuna malik sektordur. Onlara müştəri cəlbi uzun zaman ala bilər. Əvvəlcə bu haqda informasiya toplamalısız. Bundan əlavə, fəsillə əlaqədar olaraq sıxlığın artması və azalması halları ilə qarşılaşa bilərsiniz. Risk etmək istəmirsinizsə, mövsümü məşğuliyyətdən uzaq durun və ya bu kimi halları nəzərə alın.

 

ƏFSANƏ RƏCƏB,

XƏYAL İSKƏNDƏROV,

FARİZ QULUYEV,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR