5-10 min manata necə mənzil sahibi olaq?

# 18:15
9 mart 2022

Azərbaycanda, xüsusilə Bakı şəhərində mənzil sahibi olmaq asan iş deyil. Daşınmaz əmlak bazarında isə qiymətlərin konkret olduğunu söyləmək olmaz.  Əvvəllər kənara pul qoymaq və yığdıqdan sonra istifadə etmək indikindən daha asan idi. Hazırda iqtisadi şərtlər sürətlə dəyişir deyə, pul yığmaq da çətinləşir.

Belə olan halda necə edək ki, əlimizdəki az vəsaitlə mənzil sahibi ola bilək? Bakıda mənzil sahibi olmağın ən asan yolları hansılardır?

Ekspert Natiq Cəfərli bildirir ki, mənzil almazdan öncə bazarı yaxşıca araşdırmaq lazımdır. Əks halda uduzacaqsınız: “Azərbaycanda əsas vasitəçi maklerlər olur ki, onlar da satıcı ilə alıcı arasında körpü rolunu oynayırlar. Çox zaman qiymətlərin  yüksəlməsində onların da rolu olur. Əksər hallarda satıcı ilə minimum qiyməti danışırlar, lakin onların da xeyrinə yarayacaq bir ortaq anlaşmaya gəlirlər. Elə həmin maklerlərin minimum qiymətin üstünə gəldikləri həmin faiz qiymət artımına səbəb olan amillərdir “.

Ekspert deyir ki, vətəndaşın özünə aid torpaq sahəsi olarsa, mənzili özünün tikməyi daha ucuz başa gəlir. Amma burda da vətəndaşlar bir nüansa diqqət etsələr, gələcəkdə baş verə biləcək problemlərin qarşısını almış olacaqlar: “Öncə əldə etdikləri torpaq sahəsinə mülkiyyət hüququ almalıdırlar. Və mülkiyyət hüququ rəsmiləşdikdən sonra tikintiyə başlamalıdırlar ki, gələcəkdə hansısa problemlərlə qarşılaşmasınlar. Dövlət orqanlarının da borcudur ki, qeydiyyatla bağlı vətəndaşı get-gələ salıb, ciddi problemlər yaratmasınlar. Avropa Beynəlxalq konvensiyalarına, həmçinin İnsan Hüquqları Məhkəməsinin əmsallarına görə, vətəndaş yaşadığı ərazidə komunal xidmətlərin əvəzini ödəyirsə, artıq orada mülkiyyət hüququ doğur”.

Hökumət qeydiyyatsız evlərin invertarlaşdırılması və sənədləşdirilməsi məsələsinə aydınlıq gətirib. Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapıb. Qeyd edilib ki, müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş yaşayış evlərinin və onların altında yerləşən qanuni əsaslar olmadan istifadə edilən torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı qanunvericilik aktı qəbul ediləcəyi təqdirdə həmin əmlaklara dair mülkiyyət hüququ qeydiyyata alınacaq.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, son 25 ildə Bakıda tikinti sektorunda nəzərə çarpacaq qədər inkişaf olub. Ancaq bu qədər rəqabətli mühit belə mənzillərin ucuzlaşmasına səbəb olmadı: “Şəhərdən kənar ərazilərlə mərkəzə yaxın ərazilərə baxsaq, fərdi həyət evlərinin qiymətində demək olar ki, 20-30 dəfəyə qədər artım var. Məsələn, Abşeron ərazisində 2 mərtəbəli 200 kv sahəsi olan  bir həyət evinin qiyməti 60-70 min manatdır. Ancaq mərkəzə doğru bu mənzillərin qiyməti 500-700 min manat arası dəyişir. Amma baha olsa da, real bazar dəyərindədir ”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc isə bildirdi ki, daşınmaz əmlakların qiymətində stabilləşmə 2024-2025-ci illərdə gözlənilir. Ən münasib qiymətə mənzillər isə Qaradağ, Sabunçu və Suraxanı rayonlarındadır: “Vətəndaşlarımız ucuz sərfəli qiymətə mənzil axtarırlarsa, bu rayonlara üz tutmalıdırlar. Amma həm komfort, həm də şəhərə yaxın olmasını istəyirlərsə, Xətai və Yasamal rayonlarına üz tutmalıdırlar. Xətaidə ümumi bazar dəyəri 1776 manat, Yasamalda isə 1610 manat təşkil edir”.

Ən sərfəli qiymətə təklif olunan mənzillər isə Nardaran, Maştağa, Hövsan, Binə, Məhəmmədi qəsəbələridir ki, burada fərdi yaşayış mənzillərinin 1kv-nın qiyməti 200-250 manat təşkil edir.

Görünən odur ki, bu gün gənc vaxtı ev sahibi olmaq istəyənlərin saçı, saqqalı ağarsa da, ömürləri kirayələrdə keçir. İmkanı az, arzuları böyük olanların tək ümidi də ipoteka kreditləridir. Amma ipoteka kreditlərinin də faizləri təəssüf ki, əksər vətəndaşlar üçün əlçatan deyil. Faizlər aşağı salınsa, bu sahəni daha əlçatan eləməklə ailə-məişət zəminli problemlər daxil olmaqla bir çox məsələlərin həllinə yol açılmış olar.

 

Nərmin Murad,

Kamran Namazov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR