Azərbaycanda hansı heyvanlar sığortalanır?

# 10:06
13 sentyabr 2023

Hazırda ölkəmizdə kənd təsərrüfatı sahəsində əsas problemlərdən biri də heyvanların sığortalanması məsələsidir. Bu sahədə insanların çox az bilgisinin olması problemin daha da böyüməsinə səbəb olur. Maraqlıdır, kənd təsərrüfatındakı heyvanlardan başqa, evində, həyətində heyvan saxlayanlar onları sığorta etdirirlərmi? Sığorta şirkətlərinə fərdi heyvanları sığorta etmək üçün müraciətlər olurmu? “Paşa sığorta” şirkətindən bildirildi ki, hazırda ölkəmizdə fərdi şəkildə saxlanılan it, pişik və digər ev heyvanlarının könüllü sığortasını təklif edən şirkət yoxdur. Bunun isə əsas səbəblərindən biri həm ev heyvanlarının sığortalanması ilə bağlı insanların maariflənməsinin azlığı, həm də insanların ev heyvanı sığortasına ayıra biləcəkləri büdcənin aşağı olmasıdır. Bazarda bu məhsula tələbatın olmaması sığorta şirkətlərinin bu məsələyə marağını azaldır. Görünən odur ki, ev heyvanlarını sığortalamaq bahalı olduğu üçün bu nə heyvan sahibinə, nə də sığorta şirkətlərinə sərf etmir. Bəs kənd təsərrüfatında vəziyyət necədir? Maldarlıqla, heyvandarlıqla məşğul olan sahibkarlar, yaxud kəndlilər saxladıqları heyvanları sığortalayırmı? Məsələyə, biznes tərəfdən baxsaq, burda vəziyyət nisbətən ürəkaçandır. Belə ki, daha professional, işini ehtiyatda tutan sahibkarlar öz heyvanlarını sığortalamaqda maraqlıdırlar. Bundan başqa, son günlər rayonlarda heyvanları sel aparması hallarına tez-tez rast gəlirik. Bütün hallarda son 3 ildir ölkəmizdə fəaliyyət göstərən aqrar sığorta fondu maldarlıqla məşğul olan vətəndaşların, fermerlərin heyvanlarını ola biləcək təhlükələrdən sığortasını həyata keçirir. Heyvanlar əsasən yoluxucu xəstəlik və zəhərlənmələr, ilan və həşərat sancmasından, zəhərli ot və yemlərdən zəhərlənmədən ölüm, təbii fəlakətlərdən, vəhşi heyvanların hücumundan, yanğın və oğurluq hallarında sığortalanır. Burda əsasən iribuynuzlu və xırdabuynuzlu heyvanların sığortalanması nəzərdə tutulub. İstər 1, istərsə də 100 baş olsun, fərqi yoxdur, heyvanın qiymətindən asılı olaraq, sığorta haqqı da dəyişir. Ekspert bildirir ki, 2023-cü ilin ilk 6 ayının nəticələrinə görə Azərbaycanda kənd təsərrüfatı məqsədilə istifadə olunan 4500 heyvan sığortalanıb. Qeyd edək ki, məcburi kəsilən heyvanlara görə də aqrar sığorta çərçivəsində ödəniş edilir. Bunun üçün baytar rəy verməli, kəsim də müvafiq məntəqədə aparılmalıdır. Əgər fermer öz heyvanını sığortalamaq istəyirsə, onu elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçirməli və heyvanlara xüsusi nişan vurulmalıdır. Mütəxəssis onu da vurğuladı ki, heyvanlarını sığorta etdirmiş fermerlər bir hadisə baş verdiyi zaman 24 saat ərzində Aqrar Sığorta Fonduna xəbər etməlidirlər ki, ekspertlər vaxtında gəlib məsələni araşdıra bilsinlər. Qeyd edək ki, aqrar sığorta çərçivəsində balıq və balıqçılıq məhsulları da sığortalanır. Kənd təsərrüfatımızda baramaçılıq, arıçılıq, quşçuluq və atçılıq sahələri də fəaliyyət göstərir. Ancaq mütəxəssis bildirir ki, bu sahəhər üzrə hələ ki, sığorta fəaliyyəti yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR