Azərbaycanda qəfil ölümlər niyə artıb?

# 17:30
6 oktyabr 2021

Son vaxtlar Azərbaycanda ürək-damar xəstəlikləri ölüm səbəblərinin əsasını təşkil edir.

 

APA TV xəbər verir ki,  Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəlikləri səbəbindən baş verir.

 

Axtarış zamanı məlum oldu ki, ürək-damar xəstəliklərindən ölənlərin yüksək faizini cavanlar təşkil edir ki, onların da çoxu heç bir xəstəliyi olmayan tam sağlam insanlardır. Bu da öz növbəsində müəyyən suallar yaradır. Bəs bu kimi qəfil ölümlərə səbəb nədir?

 

İnvaziv kardioloq Oktay Musayev açıqlamasında deyib ki, ani və ya qəfil ölümlərin bir çox səbəbi ola bilər. Onun sözlərinə görə, əvvəllər yaşlılarda ürəyin işemik-damar tutulması xəstəliyi ölümə səbəb olurdusa, indi cavanlardakı ani ölümlərin səbəbləri müxtəlifdir və geniş araşdırma tələb edir: “Xüsusilə ailəsində irsi xəstəliklər olan, ailəsində ani ürək ölümləri olan insanlar mütləq bu hallara qarşı ciddi yoxlanmalıdır. Çünki o insanlar risk qrupundadırlar. Bir-başa özünü ani ölüm kimi təzahür edən çox ciddi xəstəliklər qrupu var. Bunlar aritmol problemləridir. Anadangəlmə ürəkdə blokadalar və keçirici hissinin pozuntuları ilə özünü göstərir. İkinci, altda yatan ən böyük xəstəliklərdən kardiomiopatiya dediyimiz ürək əzələsinin pozğunluqlarıdır. Bunlarda ciddi aritmiyalarla ani ölümlərlə özünü göstərir”.

 

Həkim onu da vurğulayıb ki, oturaq həyat tərzi, stress, gərginlik, gənclərin davamlı istirahət etmədən çalışması, düzgün qidalanmama, erkən yaşda siqaretdən istifadə ürəyin işemik xəstəliyini daha gənc yaşlarda büruzə verməsinə səbəb olur ki, bu da öz növbəsində ani ölümlərə gətirib çıxardır. Kardioloq onu da deyib ki, siqaret və energetik içkilər də böyük risk faktorlarındandır: “Həddindən artıq energetik içkilərin istifadəsi qan damar sistemində çox ciddi fəsadlara səbəb olur. Ani təzyiq yüksəlmələri, ani ölümlərə səbəb olan aritmiyaların provokasiya edilməsi , koronar damarlarda ciddi tromplaşmaya  və yaxud da spazma səbəb olan damar içi yırtılmalara və spazmlara səbəb olması elmi əsaslarla sübut olunub”.

 

Oktay Musayev bir faktı da qeyd edib ki, pandemiya dövründə koronavirusdan ölən insanların əksəriyyəti virusun özündən deyil, xəstəliyin ağırlaşmış trombozundan dünyasını dəyişib. Kardioloqun sözlərinə görə, diaqnozu qoyulmayan, həkimə müraciət etməyən ürək xəstələri koronavirus infeksiyasına yoluxduqda tromboz, tromboemboliyalar və laxtalanma kimi ciddi fəsadlarla da qarşılaşa bilərlər.

 

Qeyd edək ki,  2050-ci ilə qədər ölüm səbəbləri arasında ürək-damar xəstəliklərinin ilk yerdə duracağı proqnozlaşdırılır. Daha sonra onkoloji xəstəliklərin önə keçəcəyi planlaşdırılır.

 

 

Nuranə Namazova

Xəqani Hüseynov

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR