Biri kəşfiyyatçını əsir götürdü, biri isə...

# 18:35
29 sentyabr 2021

44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.

 

APA TV-nin xəbərinə görə, artıq sentyabrın 27-də başlanan və zəfərlə nəticələnən Vətən müharibəsindən bir il ötür. Onlarla elə bu ərəfədə görüşdük. Biri erməni kəşfiyyatçını əsir götürüb, digəri isə döyüş meydanında ağır yaralanan əsgərini xilas edib. Söhbət Sumqayıt şəhər sakinləri, ehtiyatda olan zabitlər Samir Məhərrəmov və Xalid Məmmədovdan gedir.

 

Hər ikisi ötən ilin sentyabrının 29-dan Vətən Müharibəsində iştirak ediblər. Hər iki zabit eyni hərbi hissədə vətənin keşiyində durublar. Baş leytenant Samir Məhərrəmov qaynar döyüşlərin getdiyi Füzuli rayonunun kəndlərinin və strateji yüksəkliklərinin azad edilməsi istiqamətində böyük şücaətlə vuruşub. Füzulidən başlayan döyüş yolu Cəbrayıl, Hadrut, Xocavənd və digər ərazilərdə davam edib: “Döyüş tapşırıqlarında olmuşuq. Hamısında tağım komandiri kimi. Birinci şəhidimi Hadrut  istiqamətində  döyüşlərdə vermişəm. Birinci şəhidim orda oldu. Allah bütün şəhidlərə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Sonra digər döyüşlərimiz davam elədi Hadrutdan düz Xocavənd istiqamətinə. Sonra Ərgünəş yüksəkliyinə tapşırıq gəldi. Yaşma bizi yüksəkliyə qaldırmışdı. Mövqe vermişdi bizə. Bizə o mövqeyi qoruyub saxlamaq lazım idi. Tapşırıq idi ki, alınan mövqeyi qoruyub saxlamaq. Ərgünəş uğrunda gedən döyüşlərdə də mən 4 şəhid vermişəm, mövqeyi qoruyub saxlamaq uğrunda. Onlar 4 dəfə bizə hücum elədilər. Hər gün şəhid verirdim. Şəhidlərim olurdu”.

 

Bütün çətinliklərə sinə gərən Samir Məhərrəmov düşmənin bir neçə döyüş texnikasını və canlı qüvvəsini məhv edib. Baş leytenant noyabrın 3-də gecə saatlarında Xocalının Dəmirçilər kəndi istiqamətində meşəlik ərazidə mövqelərimizə soxulmağa çalışan erməni kəşfiyyatçısı Kamu Marusyanı da əsir götürüb: “Gecə əsgər dedi ki, komandir qaraltı var. Hərəkət edən var. Gecə ayın işığı çıxırdı yaxşı müşahidə etmək olurdu. Dedim qoy irəliyə doğru gəlsin görək kimdir. Bəlkə özümüzünkülərdən olacaq kimsə. Digər bizim bölmələrdən kimsə olar. Elə oldu yaxına gəldikcə əsgər qışqırdı ki, komandir artıq bizə çatır. Mən gördüm və mövqedən sıçrayaraq onun üstünə şığıdım. Mən bildim ki, o ermənidir. O, bizə gəlirəm deyirdi. Azərbaycan dilini bilirdi. Onu şığıdım tutdum. Tutdum və yıxdım yerə. Sonradan aydın oldu ki, kəşfiyyatçıdır, kəşfiyyata gəlib. Dedi ki, mənim 92-93-cü illərdə də Xocalı-Şuşa istiqamətində də döyüşlərim olub. Döyüşlərdə iştirak etmişəm”.

 

Minomyotun dalğasından Samir Məhərrəmovun səhhətində müəyyən problemlər də yaşayıb. Onun diz qapaqlarında narahatçılıqlar yaranıb. O, “Füzulinin azad olunmasına görə” və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarla təltif olunub.  Zabit bundan sonra da hər zaman vətənin, torpaqların keşiyində durmağa hazır olduğunu deyir.

 

Leytenant Xalid Məmmədov da döyüş yoldaşı kimi Vətən Müharibəsində şücaət göstərib. Füzulidən başlayan döyüş yolu Xocavəndə və Xocalı istiqamətlərinə kimi davam edib. Bir çox çətinliklərə sinə gərib, amma heç vaxt usanmayıb. Tağım komandiri olan Xalid çətin döyüşlərdə tabeliyində olan əsgərləri qoruyub. Deyir ki, belə döyüşlərdən birində erməni snayperlərinin əhatəsində olsa da yaralı əsgərini atış nöqtəsindən çıxara bilib: “Əsgərlərdən yaralanan olmuşdu çiynindən, qolundan. Cəbrayıl ərazisində idi. Ferma deyilən bir ərazidə. Kömək lazım oldu. Snayper də imkan vermirdi açıq yerə çıxaq. Ancaq məcbur idik ki, görsənməyək. Mən snayperin atəş açmağına baxmayaraq əsgəri çiynimə götürərək onu həmin nöqtədən, yaralandığı nöqtədən çıxarda bildim. Yəni istər-istəməz biz orda əsgər, zabit deyildik. Biz orda böyük-balaca qardaş idik. Yəni birliyimiz çox güclü idi. Bu ruhla, əhval-ruhiyyə ilə ancaq irəli getmək fikrindəydik. 30 ilin həsrəti, buna son qoymaq idi”.

 

Ağır döyüşlərdən keçən Xalid Məmmədovun bir neçə əsgəri şəhid olub. O, Ərgünəş yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralanıb. Bir neçə gün hospitalda yatandan sonra yenidən döyüşə qayıdıb. Deyir ki, tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi.

 

Xalid Məmmədov “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

 

 

 

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR