Bizə çörək adı ilə görün nə yedirirlər: Üstündəki ləkələr nədən xəbər verir? - APA TV

# 18:46
9 may 2023

Son zamanlar marketlərdə yararsız hala düşmüş çörəklərin satışı ilə bağlı xəbərlərə tez-tez rast gəlirik.

Bu cür hallardan biri də bir neçə gün öncə yaşandı. Marketlərdən birində satılan, “Nur” şirkətinə məxsus çörəyin fotoları sosial şəbəkələrdə ciddi etiraz yaratdı.

 

Məsələ ilə bağlı “Nur” Çörək Zavodu ilə əlaqə saxladıq. Lakin açıqlama vermək istəmədilər.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirdi ki, sözügedən məsələ ilə bağlı agentliyə müraciət daxil olub və məsələ AQTA tərəfindən nəzarətə götürülüb.

 

Əslində bu kimi hallar çoxlarımızın beynində cavabını tapa bilmədiyimiz sualların yaranmasına səbəb olur. Məsələn, çörək alarkən nələrə diqqət etməliyik? Bir çörək necə bişirilməlidir? Normalara uyğun şərtlərdə və keyfiyyətdə bişiriləməyən çörək orqanizmizə necə təsir edir? 

 

Qida texnoloqu Ağa Salamov deyir ki, çörəyin keyfiyyəti bir neçə faktor tərəfindən təyin edilir. Bunlar əsasən hazırlama prosesi, tərkib hissələri, mayalanma vaxtı və bişirilmə prosesi ilə bağlıdır. İstehsalata təqdim olunacaq un isə mütləq laboratoriyada yoxlanmalıdır.

 

 

Texnoloq onu da söylədi ki, avadanlıqlar çörək emalından sonra dezinfeksiya olmalıdır. Əks halda fiziki çirklənmə, çörəyin üz qabığında deformasiya kimi problemlər yarana bilər.

 

 

Texnoloq Ağa Salamov deyir ki, hündür, yaxşı məsaməli çörək orqanizmdə asan mənimsənildiyi üçün  onları almaq məsləhətlidir.

 

Sağlam qidalanma mütəxəssisi Tahirə Əlirzayeva deyir ki, Azərbaycanda çörəyin tərkibi ilə bağlı ciddi tərəddüdlər var.

 

 

Bəs tam təbii çörəyi necə əldə edək?

Mütəxəssis deyir ki, çörəyə vurulan maddələr köp, qaraciyər porblemləri, qəbizlik, bağırsaq uzanması, hormonal pozulma kimi ciddi xəstəlik yarada bilir. Zob xəstəliyini kəskinləşdirir, öddə və mədədə problemlər yaradır. 

Onun fikrincə, məhz bunlara görə də alınma çörəklərdən, əsas da ağ çörəkdən maksimum uzaq durmaq lazımdır. Çörəksiz qala bilməyənlər isə çörəyi özləri dədə-baba üsulu ilə hazırlaya bilərlər. Məsələn, droj yerinə balatı ilə...

 

 

Bəs çörəyi hansı şəraitdə, neçə gün saxlaya bilərik?

Gün ərzində yeyiləcək çörək təzə qalması üçün qapaqlı qabda, sərin, qaranlıq və quru şəraitdə saxlanılmalıdır. Əks halda nəmlik çörəyin kiflənməsinə səbəb ola bilər. Çörək sellofan torbada saxlanılırsa və buxarlanmadan qaynaqlanan damcılar yaranırsa, mütləq oradan çıxarılmalıdır.

Zavod şəraitində buğda unundan hazırlanan çörəyin istifadə müddəti 24, çovdar unundan hazırlananların yarararlılıq müddəti isə 36 saatdan çoх olmamalıdır. Çörəyin istifadə müddəti sobadan çıxarıldığı vaxtdan etibarən hesablanır.

Ticarət şəbəkələri və evlərdə rütubətli yerlərdə, kəskin iyli məhsullarla birgə saxlanılmamalıdır. Buna misal olaraq ətriyyatları, balıq və balıq məhsullarını,  tütün məmulatlarını, sabunu qeyd etmək olar. Mütəxəssislər bildirir ki, çörək çox saxlanıldıqda tərkibində mikroorqanizmlərin inkişafı başlayır. Belə olduqda həmin çörəklər yararsız hesab olunur və ondan istifadə etmək olmaz. Ticarət şəbəkələrində çörək havalandırma sistemi olan otaqlarda, təmiz, quru yerdə 20-25 dərəcədən yuxarı olmayan temperaturda saxlanılmalıdır. İstifadə müddəti bitdikdə, saxlama qaydalarına əməl olunmadıqda çörəkdə çəhrayı, qara, yaşıl, ağ və boz kif göbələkləri əmələ gəlir. Bu göbələklər isə insan orqanizmi üçün çox təhlükəlidir.

 

AYGÜN CARÇIYEVA,

HƏZRƏT BAYRAMLI,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR