Bu ev Əhməd Cavadındırmı? - ARAŞDIRMA

# 16:58
2 iyun 2021

Bir neçə gündür sosial şəbəkələrdə Şəmkirdə qəzalı vəziyyətdə olan bir evin fotoları paylaşılır. İddia olunur ki, bu ev şair Əhməd Cavadın doğulub böyüdüyü evdir - Şəmkir rayonunun Seyfəli kəndindəki ata yurdu.

 

Fotoları paylaşan hər kəs rayon rəhbərliyini, mərkəzi və yerli icra orqanlarını Azərbaycanın Dövlət Himninin sözlərini yazan şairə hörmətsizlikdə qınayırlar.

 

Məsələni aydınlaşdırmaq üçün APA TV-nin çəkiliş qrupu həmin kəndə səfər edib. Araşdırmalarımız zamanı məlum olub ki, söhbət Şəmkirin Mehrili kəndindən gedir və şəkillərdəki ev də bu kənddə yerləşir.

 

Qeyd edək ki, Şəmkir rayonunda eyniadlı iki kənd var – Aşağı Seyfəli və Yuxarı Seyfəli. Əhməd Cavad isə Yuxarı Seyfəli kəndinin Mehrili tirəsində anadan olub. Yayılan fotolar da sonradan kəndə çevrilən Mehrilidə çəkilib.

 

Kəndin ağsaqqalı Sabir Əliyev deyir ki, iki otaqdan və bir tövlədən ibarət olan bu tikili 1952-ci ildə inşa edilib. Düz Əhməd Cavadın dünyaya göz açdığı evin yerində: “Axundzadə Əhməd Cavad Məhəmmədəli oğlu bu evdə yaşayıb. Bu evdə doğulub, burada boya-başa çatıb. Müəyyən yaş həddinə qədər.  Sonradan atası rəhmətə gedib, özü yetim qalıb. Atası ölən vaxt təxminən Əhməd Cavadın 8, 10 yaşı olub. Anası Yaxşı qarı ilə birlikdə Seyfəlinin aşağı hissəsində yaşayan qohumları olan yerə gediblər”.

 

Sabir Əliyevin sözlərinə görə, Əhməd Cavadın 8 yaşınadək böyüdüyü ev 1937-ci ildə onun həbsindən sonra dağıdılır: “Mircəfər Bağırovun və Stalinin sərt qanunları var idi. Buna görə də Əhməd Cavadın doğulduğu evi təmir etməyə, burada nə isə tikməyə qəti şəkildə icazə verilməyib. Evin yerini kolxoz kənd camaatına əkin yeri kimi verib. Sonradan Vəliyev Qəmbər adlı bir nəfər şəxs buranı alıb. Həmin köhnə binanı da bərpa edib, başladı içərisində yaşamağa”. 

 

Bu hadisə 1952-ci ildə baş verib. Evdə bir müddət əvvələ qədər Qəmbər kişinin nəvələri yaşasa da, hazırda baxımsızlıqdan uçub dağılmaq üzrədir. Evin hazırkı sahibi ölkə hüdudlarından kənarda yaşayır. Həyətin yaşıllığına isə qonşular qulluq edir.

 

Vaxtilə bu mövzunu araşdırmış şəmkirli jurnalist Tural Turan Lent.az-a açıqlamasında bildirib ki, istiqlal şairimiz 1900-cü ilə qədər doğulduğu kənddə yaşayıb: “Sonra ailəsi ilə Gəncəyə köçür, Quran hafizi olur. Əhməd Cavad doğulduğu evə bir də 30-cu illərdə qısa müddətə qayıdır. Bir müddət Şəmkirin Könüllü kəndində müəllimlik edir. Sonra Bakıya gəlir, professor vəzifəsinə qədər yüksəlir. Daha sonra həbs edilir və güllələnir”.

 

Şəmkirdən olan keçmiş millət vəkili Sona Əliyeva da Lent.az-a açıqlamasında deyilənləri təsdiqləyib: “1952-ci ildə Qəmbər Vəliyev adlı bir partiya mənsubu Əhməd Cavadın doğulduğu evin, yəni həmin yurdun yerində şəkilləri mediada dolaşan evi tikdirir. Özü də ev kimi yox, təsərrüfat obyekti kimi... Bu tikili hazırda həmin Qəmbər Vəliyevin nəvəsi Amal Abdullayevə məxsusdur. Heç bir idarənin balansında deyil. Özəl mülkdür. Mənə bu cür məlumat verilib. Ümumiyyətlə, tarixi tikili də sayılmır”.

 

Məsələyə Əhməd Cavadın nəticəsi Cavad Axundzadə də aydınlıq gətirib. O bildirib ki, ulu babasının həmin kəndə yaşadığı doğrudur, amma foto yayılan evdə böyüməsi dəqiq deyil: “Çünki 1930-cu illərdə repressiya zamanı ev Əhməd Cavaddan alınıb və poçt işçisinə verilib. Həmin mülkiyyətçilər orada yaşayıblar. Evi söküblər və ya təmir ediblər, biz bunu bilmirik. 1980-ci illərin sonunda şairin oğlu Yılmaz Axundzadə Şəmkirdəki evi almaq və ev muzeyi yaratmaq istəsə də, mülkiyyətçilər bununla razılaşmayıb. O ev bizim özümüzdə olsaydı, biz onu bu vəziyyətdə saxlamazdıq. Evin bu vəziyyətdə olması digər mülkiyyətçidən asılıdır”.

 

Beləliklə, deyilənlərdən aydın olur ki, Əhməd Cavadın evi kimi təqdim olunan qəzalı tikili şairin doğulduğu ev deyil. Sadəcə, həmin tikilinin üzərində dayandığı torpaq istiqlal şairimizin yurd yeridir. 2022-ci ildə 130 yaşı tamam olan Əhməd Cavad məhz bu torpaqda dünyaya göz açıb. Cəmiyyətimizin mövzuya həssaslığı isə onu göstərir ki, yurd yeri ola-ola evsiz-eşiksiz və məzarsız qalsa da, əlyazmaları oğurlansa da, Azərbaycan var olduqca, Əhməd Cavad da yaşayacaq, hamı onun köksündən süzülən himnimizin sözlərini ayaq üstə söyləyəcək.

 

Fuad Nazimoğlu

APA TV

Şəmkir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR