Dağılan bağça, boş qalan xəstəxana, üfunətli küçələr: bura Azərbaycandımı?

# 11:50
11 fevral 2022

Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2-ci Sovxoz ərazisində hansı tərəfə getsən, problemlə qarşılaşacaqsan. Kanalizasiya sistemi dağılıb, hər yana çirkli su axır. 2015-ci  ildə tikilən poliklinika fəaliyyət göstərmir. 283 saylı bağça hər saniyə uça bilər və sairə. Anlamaq olmur ki, ölkəni başına götürən quruculuq-bərpa işləri buradan niyə yan keçir?

 

283 saylı körpələr evi uşaq bağçasının qarşısındayıq. Burada dayanmağın özü belə təhlükəlidir. Yuxarıdan hər an daş və şifer parçaları aşağı düşə bilər. Mənə bir sual maraqlıdır ki, bura övladlarını göndərən valideynlər nə düşünürlər. Bu sualın cavabını təbii ki, özləri daha yaxşı bilirlər. Pəncərələrdə, divarlarda bitən ot, dağılan daşlar. Uzun illərin baxımsızlığı, aidiyyəti qurumların məsələyə biganəliyinin nəticəsidir bu bağçanın bugünki vəziyyəti.

 

Yerli sakinlər deyir ki, buraya hər gün 20-30 uşaq gedir. İllərdir ki, rəsmi qurumlara müraciət etsələr də, bağça təmir edilmir.

 

Ərazidə çəkiliş apardığımızı bilən bağça müdiri Xırdaxanım xanım mühafizəçilərə zəng edib, çəkiliş qrupumuzu ərazidən uzaqlaşdırmağı tapşırdı, əks halda əraziyə polis çağıracaqmış.

 

Açığı müdirin niyə belə davrandığının izahını tapa bilmədik. Nə qədər israr etsək də, heç bir sualımıza cavab vermədi.

 

Əlacsız qalıb, Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat katibi bildirdi ki, bağçaların səlahiyyəti qısa zamandır nazirliyə verilib və ölkədə yüzlərlə belə təmirə ehtiyacı olan bağça var: “1 aydır ki, verilib bizə. Hazırda təhvil təslim prosesi gedir. 1700 dənə bağça var dövlətin tabeliyində. Təhlil aparıldıqdan sonra müvafiq cavab verəcəyik ki, hansında təmir-tikinti işlərini  görəcəyik”.

 

“Təki belə olsun” deyib, keçid alırıq Pirşağı sakinlərinin növbəti dərdinə.

 

Kənd sakinlərinin bildirdiyinə görə, bu yerli sahibkarlardan bir tərəfindən tikilən Pirşağı qəsəbə poliklinikasıdır. Tikildiyi gündən bu günə kimi fəaliyyət göstərmir və elə sahibkarın özü ilə birlikdə sakinlər də Səhiyyə Nazirliyinə müraciət ediblər ki, qeydiyyata alınaraq fəaliyyət göstərsin. Amma qapısına qara qıfıldan da aydın görünür ki, məsələ nə yerdədir. Həyətini də kol-kos basıb.

 

Əlacsız qalan tibb işçiləri binanın yaxınlığında yerləşən köhnə tikililərdən birinə sığınıblar.

 

Elə ərazidəcə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin nümayəndəsi Elvin Hacıyev deyir ki, tibb müəssisələri TƏBİB-in səlahiyyətindədir: “2020-ci il yanvarın 1-dən bütün tibb müəssisələri verilib TƏBİB-in səlahiyyətinə. O məsələlərə TƏBİB baxır, onlarla əlaqə saxlayın. Poliklinikalar onların balansındadır. Bizim poliklinikamız yoxdur axı”.

 

TƏBİB-dən isə dedilər ki, bu məsələlərə Səhiyyə Nazirliyi baxır. Məşhur və hamıya bəlli olan ötür-ötür oyunu.

 

Hələ bu harasıdır? Ərazidə kəskin üfunət qoxusu var. Kanalizasiya sistemi tamam dağılıb. Çirkli sular həyətyanı sahələrə dolur.

 

Elə biz də  “Azərsu”ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, mütləq şəkildə məsələ həll olunacaq: “Ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil. Qəza briqadamızı əraziyə göndərdik və  həmin xətlər təmizlənəcək, kanalizasiyalar təmizlənəcək”.

 

Nəhayət ki, aidiyyatı qurumlardan biri mövcud problemin aradan qaldırılacağı ilə bağlı vəd verdi. İnanırıq ki, digər problemlər də qısa vaxtda həllini tapacaq. Çünki heç bir Azərbaycan vətəndaşı bu şəraitdə yaşamağa layiq deyil.

 

AYTƏN SAKİTQIZI

XƏYAL İSKƏNDƏROV

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR