El qınağına görə evini tarixi abidə etdi, indi təmir üçün pul tapmır

# 10:44
5 noyabr 2022

“Ulduz” filmində bəzi səhnələrin çəkildiyi tarixi tikili, yay istirahət evi olan ləm dağılır. Orijinallığı ilə diqqət çəkən ləm Astara rayonunun Ərçivan kəndində, Əsədulla Musayevin həyətyanı sahəsində yerləşir. Əsədulla kişi deyir ki, o zaman burda kino çəkiləndə yaşı az olub. Amma çəkilişlər indiyə kimi yadındadır. Film yayımlanandan sonra ləmə olan maraq artıb və o gündən bu günə kimi həyətləri qonaqlı-qaralı olub.

Ev sahibi deyir Əsədulla Musayev  ki, onsuz da qəzalı vəziyyətdə olan ləmdə güclü küləkdən sonra dağıntılar baş verib: “Evə gəldim elə orda istirahət edirdim evdə, gördüm bir dənə səs gəldi, səsə bütün qonşular gəldi. O qədər böyük səs elədi gördüm bu dağıldı artıq dağıldı. Mən çox pis oldum. Dedim biz gərək bir tarixi abidəni qoruyaq”.

Əsədulla Musayev, bir neçə dəfə qəzalı olduğuna görə, ləmi sökmək istəyib, amma kənd sakinlərinin qınağı ilə qarşılaşıb. Qəsəbə sakinləri ona bildiriblər ki, ləmi sökmə, qoy bir tarixi abidə kimi qalsın. Çünki, burada film çəkilib, həm də yazıçı Fərman Kərimzadə “Xüdafərin körpüsünü” yazanda məhz burda gecələyib. Bu bir tarixdir. Bunu gələcək nəslə ötürmək üçün gərək bunu saxlayasan. Bir də mənim üçün mənə ən böyük təsir edən o oldu ki, axı burda yazılıb ki, abidə dövlət tərəfindən qorunur. Özü də onun invertar nömrəsi var qardaş, 4091 invertar nömrəsi var. Axı bu nömrəni onda yazsınlar ki, abidə ev yiyəsi tərəfindən qorunur. Orda mənə cavab yazıblar ki, o sizin mülkiyyətdədir. Mülkiyyətdə olduğuna görə gərək siz təmir edəsiniz bunu.”

Məsələyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli münasibət bildirib. Onun sözlərinə görə, Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən və ləm adı ilə tanınan tarixi tikili Daşınmaz Tarix və Mədəniyyət abidələrinin reysterinə daxildir. Abidə şəxsi mülkiyyətdədir. Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında qanuna uyğun olaraq, şəxsi mülkiyyətdə olan abidələrin isə mülkiyyətçinin vəsaiti hesabına təmir – bərpa edilməsi nəzərdə tutulur: “Həmin qanuna uyğun olaraq tarixi abidənin bərpasının layihəsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırılaraq, mütəxəssislərin nəzarəti altında həyata keçirilməlidir. Hazırda qəzalı vəziyyətdə olan tarixi abidənin bərpasına Dövlət xidməti olaraq, bərpa layihəsinin hazırlanmasına və mütəxəssis dəstəyinin göstərilməsinə hazırıq”.

Qeyd edək ki, ləmin kərpicdən olan dirəklərinə heç bir ziyan dəyməyib. Çünki, divarların sement hissəsi yumurta sarısı və kül ilə qarışdırılıb. Dam örtüyü isə Nil ağacından hazırlanıb. Dam örtüyünə vurulan  bəzəkləri də qalıb. Hazırda ləmin əsaslı təmiri üçün 3 – 5 min manat arası vəsait lazımdır.

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV   Astara

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR