Ən böyük arzusu Şuşanı yenidən görmək idi: TANINMIŞ JURNALİSTƏ VİDA

# 16:38
12 may 2022

Dostları, doğmaları, tələbələri və onu tanıyanlar bu gün onun xatirəsini bir daha anmaq üçün yığışmışdı. Jurnalistlər üçün Məzahir Süleymanzadənin əlavə təqdimatına heç vaxt ehtiyac duyulmayıb. Məzahir Süleymanzadə Azərbaycan mətbuat tarixinə adını “Səhər”lə yazdıran şəxsdir.

 

"Səhər"in cəsurlar "diviziya"sının komandanı Məzahir Süleymanzadə tarixin ən çətin dövründə meydanda qalmağı bacarmış mətbuat təmsilçilərindən idi. Onun əzmkarlığı ilə ərsəyə gəlmiş “Səhər” qəzeti 20 yanvar faciəsi ilə bağlı reallıqların Azərbaycan cəmiyyətinə çatdırılmasında müstəsna rol oynayıb.

 

Nəşrin faciəni əks etdirən sayı iki milyon tirajla işıq üzü görüb ki, bu, Azərbaycanın mətbuat tarixində təkrarsız göstəricidir.

 

İşgüzarlığını və əməksevərliyini jurnalistikamızın maraq və mənafeləri baxımından səfərbər etməkdən zövq almış, buna haqq işi kimi yanaşmış Məzahir Süleymanzadə Azərbaycan Mətbuat Şurasının tərkibində Ahıl Jurnalistlər Məclisinin formalaşdırılmasının da fəal təşəbbüskarlarından olub. Bu məclis işini, ömrünü-gününü peşəsinə həsr etmiş veteran jurnalistlərin yada salınması, onların örnək həyat yolunun gənc nəslə çatdırılması missiyasını yerinə yetirməklə nəcib və xeyirxah təşəbbüslərə imza atıb.

 

Məzahir Süleymanzadə əsl dost, həmkar kimi xarakterizə edən davamçıları onun yoxluğunun bütövlükdə Azərbaycan jurnalistikası üçün ağır itki olduğunu bildirirlər.

 

Məzahir Süleymanzadə şəxsiyyəti bütövlük, mərdlik nümunəsi, jurnalistikaya sədaqət, qəlbən bağlılıq nümunəsi kimi dəyərləndirir.

 

Məzahir Süleymanzadə mayın 11-də 69 yaşında vəfat edib. O, Mərdəkanda ailə qəbiristanlığında torpağa tapşırılıb.

 

Ruhuna dərin hörmətlə...

 

Sevinc Vaqifqızı,

Fariz Quluyev,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR