Erməni kəşfiyyatı gənclərimizi necə aldadır? - DİQQƏT

# 19:47
14 iyun 2022

İnternetin şah damarı olan sosial şəbəkələr artmaqda və inkişaf etməkdədir. Ancaq bu sürətli inkişaf özü ilə bərabər informasiya təhlükəsizliyini də gətirir. İnformasiya təhlükəsizliyi isə nəinki təkcə insanlar, eləcə də ölkələr üçün həyati əhəmiyyət daşıyır. Məhz buna görə də bir çox ölkələrdə İnformasiya təhlükəsizliyi dövlət sərhədinin təhlükəsizliyi ilə eyni tərəziyə qoyulur. Ancaq təəssüf ki, bəzi insanlarımız informasiya təhlükəsizliyinin mahiyyətini anlamır, sosial şəbəkələrdə bilərəkdən və ya bilməyərəkdən düşmən güclərin maraqlarına xidmət etməyə başlayırlar. Dövlət Təhlikəsizlik Xidmətinin son günlər keçirdiyi xüsusi əməliyyatın nəticələri də bu məsələnin aktuallığından xəbər verir. Qurumun məlumatına görə, 15 yaşlı Azərbay¬can vətəndaşı sosial şəbəkələr vasitəsilə dövlət ərazi bütövlüyünü təhlükəyə ataraq, erməni xüsusi xidmət oraqanları ilə iş birliyinə girib. Əməliyyat nəticəsində məlum olub ki, yeniyetmə qız, Rusiyada yaşayan və Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olan Artur adlı erməni ilə tanış olub, daha sonra münasibətlərini inkişaf etdirmək üçün oğlanın verdiyi “tapşırıqlar”ı yerinə yetirməyə başlayıb. Bu əməliyyat uşaqlarımızın, yeniyetmələrimizin internet təhlükəsizliyi ilə bağlı vəziyyətinin nə qədər həssas olduğunu bir daha ortaya qoyur. Axı təhsili, karyerası, ailəsi haqda düşünməli olan bu yeniyetmə niyə ölkəsinə xəyanət etsin? Onu düşmənin toruna düşürən amillər nələrdi? Övladlarımızın bu cür hallarla qarşılaşmaması üçün nələrə diqqət etməliyik? Deputat Fazil Mustafanın fikrincə, gənclərin şirnikləndirici təkliflərlə tora salınmaması üçün məktəblərdə təbliğat aparılmalıdır və bu məsələnin ictimailəşdirilməsi olduqca vacibdir. “Heç kim unutmamalıdır ki, müharibənin bitməsinə baxmayaraq, post-müharibə dövrü davam edir və erməni xüsusi xidmət orqanları bəzi sosial şəbəkə istifadəçilərinin azyaşlı olmasından, məlumatlarının zəif olmasında və şantajdan istifadə edirlər ki, bu da ləyaqətsizlik sayılır”. Bu fikirlər isə deputat Arzu Nağıyevə aiddir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olan Arzu Nağıyev gənclərin və yeniyetmələrin düşmən toruna necə düşdüklərindən də söz açıb. O əlavə edib ki, cəlbetmələr bir neçə istiqamətdə aparılır. Bu istiqamətlərə isə əsasən ideoloji təbliğat, maddi vəziyyət və şantaj aiddir. Deputat sosial şəbəkələrdə hər hansı vasitə ələ alınmış qurbanlara da müraciət edərək bildirib ki, düşdükləri durumu qətiyyən gizlətməsinlər, bu barədə dərhal xüsusi xidmət orqanlarına məlumat versinlər. Məsələnin texniki tərəfinə gəldikdə... Bu kimi hallarla necə və kimlər mübarizə aparmalıdır? “Sosial şəbəkələrə giriş məhdudiyyəti 13 yaşdan başlayır və buna görə də yeniyetmələr belə tələlərə asanlıqla düşürlər”. Bunu isə kanalımıza informasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elman Mütəllim deyib. O əlavə edib ki, erməni xüsusi xidmət orqanlarının əsas hədəfləri azyaşlılardır və buna görə də valideynlər diqqətli olmalıdırlar. Ölkədəki kibercinayətkarlıqla mübarizəyə gəlincə, ekspert düşünür ki, bu məsələdə vəziyyət heç də ürəkaçan deyil. Çünki cavabdeh qurumlar məsələyə məsuliyyətlə yanaşmırlar. Buna görə də əsas öhdəlik valideynin üzərinə düşür. Gündəlik yaşam tərzinə çevrilmiş sosial şəbəkələrdən gələ biləcək hər hansı təhlükənin qarşısını ən birinci valideyn almalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR