Ət və heyvan yemləri NİYƏ BAHADIR? - FERMERLƏR TÖVLƏLƏRİ BOŞALDIR

# 09:20
8 sentyabr 2022

Son günlər ətin bahalaşmasının əsas səbəbi kimi heyvan yemlərinin qiymətlərinin artması göstərilir.

APA TV xəbər verir ki, hətta heyvan yemlərinin qiymətinin artmasına görə, ölkədə bir çox kəndli öz həyətindəki heyvanları satmaq məcburiyyətində qalıb. Nəticədə isə tövlələr boşalır, kəndli isə əsas məşğuliyyətini itirir.


Fermerlər deyir ki, buğda, arpa, kəpək, yonca, saman, qarğıdalı kimi yemlərin qiyməti son vaxtlar 50 faizdən çox artıb. Bahalaşma son bir il ərzində pik həddə çatıb.
 

Yaranmış vəziyyətin sonu isə bəllidir. Qida çatışmazlığı, qıtlıq, kəndlinin yoxsullaşması...

Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır? Deputat Aydın Hüseynov deyir ki, Nazirlər Kabineti cari ilin 30 iyun tarixində bir çox yem məhsulunun əlavə dəyər vergisindən azad olunması haqqında qərar qəbul edib: ”Vergilərdən azad olunan heyvan yemlərinin siyahısı çıxıb. Mən hesab edirəm bu məhsulların vergidən azad olunması həm fermerlərin işinin genişlənməsini stimullaşdıracaq, həm də məhsul bolluğu və qiymətlərin əlçatanlığını təmin edəcək”.

Bu qərarlar isə qiymətlərin tənzimlənməsinə hesablanmışdı. Amma bu qərardan sonra da qiymətlər enmədi. Əksinə daha da artdı.

Fermerlər deyir ki, ölkədə yemin ən bol vaxtında yəni yaz aylarında qiymətlər heç vaxt bu qədər yüksək olmayıb. Məsələn, Abşeronda qarğıdalının topdan satışı 73 qəpik, arpa 65 qəpik, buğda növlərdən asılı olaraq isə 70 ,75, 80 arasında dəyişir . Yoncanın topdan satışı isə 5 manatdır.


Görünür bu kimi səbəblərdən də dolayı ətin qiyməti günü-günüdən bahalaşır.

Bəs görəsən çıxış yolu nədir?

Aqrar sahə üzrə ekspert Cəfər İbrahimli deyir ki, heyvanlar üçün idxal olunan dərman və peyvəndlər də ƏDV-dən azad olunmalıdır. İkinci bir nüans isə... ”Təsərrüfatında xeyli sayda heyvan olan şəxslərə dövlət işğaldan azad olunan ərazilərdə və ya başqa yerdə torpaqlar verməklə, onların heyvan yemlərini özləri təmin etməsi üçün şərait yaratmalıdır. Belə olsa qiymətlərdə enmə də müşahidə olunacaq”.

Heyvan yemlərinin bahalaşması, nəticədə ətin qiymətinin yüksəlməsi hələ nə qədər davam edəcək deyə bilmərik. Lakin yaranan problem tezliklə həll edilməsə kəndlinin tövləsi boşalmağa davam edəcək. Bu isə qida çatışmazlığının qaçılmaz sonudur.

 

Semral Cavad
Rizvan Hacıyev
APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR