Fəryadı ilə hər kəsi duyğulandıran o şəxs danışdı - KƏLBƏCƏRDƏ NƏ BAŞ VERİB? – APA TV

# 14:58
28 iyun 2022

“Ay İsmayıl! İsmayıl, mən gəlmişəm, ay İsmayıl! İsmayıl, bir çölə çıx, ay İsmayıl!

Ay Firəngiz xala! Firəngiz xala, İsmayıl evdədi?

Niyə cavab vermirsiz?

Ay Ziyəddin!

Ziyəddin, gəlmişik, ay Ziyəddin!

Kim var evdə?!

Ay Ziyəddin, niyə cavab vermirsiz adama?

 

Bu səs 30 il Vətəndən uzaq qalmanın, Vətən həsrəti ilə qovrulub-yanmanın naləsi idi. 13 yaşında Kəlbəcərdən çıxan, 43 yaşında ana Vətəninə, Kəlbəcərin Yuxarı Qılınclı kəndinə qayıtmaq qismət olan Vasif Qurbanov deyir ki, o hayqırtısı ilə düşmənin törətdiyi vəhşiliyi, bir elin-obanın necə məhv edildiyini dünyaya çatdırmaq istəyib. “O, təkcə mənim yox, bütün Azərbaycan xalqının naləsidir”: “Mən o qonşumun qapısına, həyətinə doğru gedəndə sanki özümdən asılı olmayaraq, bəlkə də elə görürdüm, elə təsəvvür edirdim, o həmin yenə də, həmin pilləkənin üzərində, həmin o qonşumuzun, əziz qardaşlarımız mənim həm yoldaş olduğum qonşum. Bir yerdə top oynadığımız, quzulara getməyimiz, quzu otarmağa getməyimiz, o mənim orda Firəngiz xalam, ana qədər mənə əziz olan, başımıza tumar çəkən, sığal çəkən, isti çörək bişirəndə əlimizə pendir çörək verən, bizi oxşayan o anamızı sanki orda mən görmək istəyirdim. Çətinlik çəkirdim. Sanki yerini itirmişdim. Çünki yağı düşmən elə vəziyyətə qoymuşdu ki, yol, təbiət də sanki relyefini dəyişmişdi. Ancaq hər halda o doğma ocağı yenə də mən xatirələrimdə saxlayıb, yaddaşımda həkk edib saxlamışdım. Düzdür 13 yaşında çıxmışdım, 43 yaşında qayıtdım”.

 

Kəlbəcərdən məcburi köçkün düşdükdən sonra Ağsuda məskunlaşdıqlarını deyən Vasif Qurbanov bildirir ki, 30 il ərzində torpaqlarımızın işğaldan azad olunmasını səbirsizliklə gözləyib. Vasif Qurbanov dövlətin verdiyi imtiyazlardan, hətta ona təklif olunan mənzildən də imtina edib, yalnız Vətən həsrəti ilə yaşayıb, doğma el-obasına gedəcəyi günü səbirsizliklə gözləyib. 2020-ci ildə Vətən Müharibəsi başlayanda hər kəs kimi, Vasif Qurbanov da cəbhəyə yollanmaq üçün müraciət edib: “Mən də bu 30 ildə bu fürsəti gözləyənlərdən biri idim. Müraciət eləsəm də hərbi komissarlığa yaşımıza görə, qəbul eləmədilər. Ancaq könüllü özüm, qeyri rəsmi olaraq döyüş meydanlarına atıldım. Öz şəxsi minik maşınımla şəhidlərimizi, yaralılarımızı döyüş meydanından çıxarmağa, onlara maddi, mənəvi, fiziki dəstək olmağı az da olsa bacardım”.

 

Vasifin qardaşları Birinci Qarabağ savaşına könüllü qatılıblar. Qardaşı Zimistan Qurbanov, eləcə də, bir neçə qohumu Vətən uğrunda gedən döyüşlərdə şəhid olub: “30 ildə atamı, anamı, nənəmi, qardaşımı, bacımı itirdim. İki qardaşım müharibə iştirakçısı idi. İlk Azərbaycan könüllülərinin döyüşçüləri idi. Şəhid Zimistan Qurbanov qardaşım 1991-ci ildə Kəlbəcər özünümüdafiə batalyonunun taborunda düşmənə qarşı döyüşlərə atılmışdı. STIK: 13:58 Bir qardaşım Cavanşir Qurbanov qazi oldu. Əmioğlum şəhid oldu, itkin düşdü, bibim oğlu Xocavənd ərazisində şəhid oldu”.

 

Düz 30 ildən sonra Vasif Qurbanov kimi ürəyi vətən sevgisilə döyünən hər kəsin həsrətinə son qoyuldu. Üç minə yaxın şəhidin qanı ilə yuyuldu o torpaqlar. Çox keçməyəcək, ata-babalarımızın bizə miras qoyduğu Vətəndə yenidən körpə səsləri eşidiləcək, Qarabağ atları yenidən dördnala çapacaq cənnət diyarda. Bir daha bu fəryadların eşidilməməsi diləyi ilə

 

Şahnəzər Bəşirov,

Mirislam Əhmədoğlu,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR