Füzuli hava limanı və Laçın təlimləri

# 18:53
8 sentyabr 2021

Bu həftə həm yayılan rəsmi xəbərləri izləyənlərin, həm də sosial şəbəkə istifadəçilərinin diqqətini çəkən iki məsələ gündəmdə olub. Onların biri Füzulidə yeni tikilən aeroportun ilkin istifadəyə verilməsi, ikincisi isə Laçın rayonumuz ərazisində, Ermənistanla sərhədimizin yaxınlığında Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi olub.

 

Əvvəlcə, Füzuli aeroportunun çox qısa bir zamanda, cəmi yeddi ayda istifadəyə verilməsi və orada ilk uçuşların həyata keçirilməsinin əhəmiyyəti barədə bir-neçə söz demək istəyirəm.

 

2020-ci il noyabrın 26-da, Ermənistanla üçtərəfli atəşkəs bəyannaməsi imzalanandan cəmi 16 gün sonra  Füzulidəki hava limanı da daxil olmaqla, 6 aeroportumuzun beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarı élan edilmişdi. Qeyd edim ki, bu sürət tək bizim üçün yox, bütün dünya üçün heyrətamizdir və bunun üzərində düşünməyə dəyər.

 

Aeroport beynəlxalq status daşıyır və indi dünya aviasiyasının istifadə etdiyi ən iri yük və sərnişin təyyarələrinin enişinə imkan verəcək. Onun uçuş zolağının uzunluğu 3 kilometr, eni 45 metrdir. Maraq üçün deyim ki, rusların “Energiya” və amerikalıların “Şattl-speys” proqramı çərçivəsində hazırlanan iki kosmik təyyarədən savayı, bütün qalanları Füzulidə enə biləcək. Qeyd deyim ki, eyni qərarla Zabrat, Yevlax, Naftalan, Ağdam və Xankəndi beynəlxalq aeroportları da reyestrə düşərək, beynəlxalq status qazanıb.

 

Kompleksdə aerovagzal binası, enmə zolağı, perron, siqnal sistemləri, müxtəlif təyinatlı yardımçı binalar da olacaq. Bircə cümlə onu qeyd etməiyəm ki, bu aeroport indi, Qarabağın yenidən qurulmasında, az sonra isə, bölgəyə xarici turistlərin cəlb edilməsində fövqəladə rol oynayacaq.

 

Diqqət çəkən ikici məsələ isə, dediyim kimi, Laçın rayonu ərazisində Azərbaycan-Türkiyə hərbi qüvvələrinin birgə təliminin keçirilməsidir. Əslində, son zamanlar qardaşlarımızla birlikdə keçirdiyimiz tədbirlərə biz xeyli vaxtdır ki, adət etmişik. Laçındakı təlimlərin ən dəyərli cəhəti isə, işgaqlan azad etdiyimiz Qarabağda ilk tədbir olmasıdır. Onun bizim üçün qiymətindən danışmaq məncə yersizdir, çünki nə qədər bəlağətli sözlər desək belə, hərbi təlimin məhz Laçın torpağında olması faktından artıq bir şey deyə bilmərik. Öz aramızdır, elə hadisələr olur ki, onların şərhə də ehtiyacı yoxdur, çünki fakt özü danışır.

 

Amma, sosial şəbəkələrdə bu təlimlərin konkret kiməsə əzələ nümayişi olduğundan yazanlar çoxdur. Bilirsiniz, hərbi təlim həmişə döyüş ustalığının püxtələşdirilməsi ilə yanaşı, bir əzələ nümayişi olur. Burda ən dəyərli məqam əzələmizə maraq göstərənlərin bizim nümayiş etdirdiyimiz əzələni böyük diqqətlə izləməsi və gələcək üçün öz payını götürməsidir.

 

Bizim kiminləsə dostluğumuz heç vaxt kiminsə əleyhinə olmayıb. Bizim dostluğumuz ancaq xalqımızın mənafeyi naminədir və elə, bu mənafeyə görə, biz daim düşmən yox, dost axtarışındayıq. Bizimlə dost deyil, düşmən olmaq isə, ancaq qarşı tərəfin seçimi olur, onda, əzələmizin həcmi ilə möhkəm maraqlanır. 

 

Bu təlimlər mütləq bir həqiqəti – Qarabağın həmişə Azərbaycan olduğunu, öz torpağımızda lazım bildiyimizi eləmək haqqının şübhəsizliyini dünyaya bir də göstərmək baxımından dəyərlidir. Bu təlimlər həm də, Ermınistanın yalançı illüziyaya qapılıb, hansısa status məsələsini gündəmdə saxlamaq cəhdinə ən kəsə cavabdır. Qoy, unutmasınlar ki, indi göstərdiyimiz əzələni işlətməyi də yaxşı bacarırıq…

 

Bu arada, Ermənistan xarici işlər naziri Mirzoyan Çin səfiri ilə görüşdən sonra, sevincək bəyan edir ki, Çin dövləti Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir. Maraqlıdır, bəyəm biz qəbul etmirik bunu? Bu xəbəri mətbuata sevincək car çəkmək, məncə, ona dəlalət edir ki, Ermənistan indi öz hayındadır və anlayır ki, hadisələrin pis axarında regiondakı mövcudiyyəti möhkəm sual altına düşə bilər. Bunu indidən görürlərsə, xoş hallarına, yox. əgər görməsələr, göstərərik.

Buna şübhə edən, özü şübhəli varlıqdır…

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR