İran, Azərbaycan və Türkmənistan arasında saziş nəyi dəyişəcək? – MÜNASİBƏTLƏR YENİ MƏRHƏLƏDƏ

# 19:50
29 noyabr 2021

Noyabrın 28-də Aşqabadda təşkil olunmuş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş də imzalanıb. Qeyd olunub ki, müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.

Ən yaddaqalan məqamlardan biri də Azərbaycan və İran İslam Respublikasının liderlərinin səmimi və olduqca müsbət ab-havada keçən görüşü və verilən müsbət mesajlar oldu. Üstəlik, söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi vurğulanıb.

Prezident İlham Əliyev İran mediasının suallarını cavablandırarkən iki ölkə arasındakı münasibətlərin gələcəkdə yüksələn xətlə inkişaf edəcəyini bildirib.

“Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək”.

Eni zamanda İranın Prezidenti Seyid İbrahim Rəisi İran mediasına açıqlamasında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və əlavə edib ki, iki ölkə arasındakı münasibətlər mədəni, mehriban, səmimidir.

“Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir, bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil. Bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti ilə yaxşı görüşümüz oldu və iki ölkə arasındakı maraq doğuran məsələlər müzakirə edildi. Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir. Əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir”.

“Aşqabad zirvə görüşündə İranın Azərbaycanla əməkdaşlığa qərar verməsi müsbət haldır”. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyib: “44 günlük müharibədən sonra iki ölkə arasında  müəyyən səbəblərdən problemlər yaşandı. Azərbaycan hər dəfə İranla əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib. Üstəlik 3+3 formatında iştirak etməyə də dəvət etmişdi. Bu mənada top İran tərəfində idi. İran tərəfindən də belə bir addım atılması müsbət haldır. Əməkdaşlıq hər hansı maneə görünmür. İki qonşu dövlətləri bir-birilə bağlayan mədəni, tarixi, iqtisadi, siyasi və bir çox əlaqələr var. Buna görə əməkdaşlıq etdikləri zaman hər iki tərəf uduşlu çıxır”.

Ölkələr arasındakı mənfi təsirlərə gəlincə isə Cavid Vəliyev əlavə edib ki, Ermənistan hər zaman Azərbaycanla İran arasında münasibətləri korlamağa çalışıb: “İran hər zaman üçüncü tərəflərin iki ölkə münasibətlərinə mənfi təsirlərin ortadan qalxması barədə qeyd edir. Sevindirici haldır ki, Ermənistanın da iki ölkəyə qarşı mənfi münasibətləri ortadan qalxıb. Çünki, Ermənistan hər zaman Azərbaycanla İran arasında münasibətləri korlamağa, zərər verməyə çalışıb”.

“Azərbaycan heç bir halda İranla münasibətləri kəskinləşdirmək istəmir”. Bunu isə siyasi şərhçi Şəbnəm Həsənova deyib. O əlavə edib ki, reallıqlar artıq İran tərəfindən də qəbul olunur: “Azərbaycanın təklif etdiyi əməkdaşlıq platformalarında İranın da olması Rəsmi Tehranı agah etdi ki, Azərbaycan münasibətləri kəskinləşdirmək istiqamətində addımlar atmır. Bu reallıqlar İran tərəfindən də qəbul olunur. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan çıxdığı yola sadiqdir və qətiyyət göstərir. Azərbaycanın istəyi budur ki, bütün region dövlətləri Rəsmi Bakının yanında olsun, çünki Azərbaycan təkcə tarixi baxımından haqlı deyil, həm də beynəlxalq hüquq aspektindən də haqlıdır”.

Prezidentlərin görüşünə gəlincə isə siyasi şərhçi bildirib ki, Azərbaycan qonşu dövlətlərlə müsbət münasibətlərə fokuslanıb: “İranla Azərbaycan münasibətləri artıq yüksələn xətlə inkişaf edəcək. Bunu Azərbaycan Prezident İlham Əliyev İran KİV-lərinə təəssüratlarını bölüşərkən deyib. Təbii ki, Azərbaycanın təklif etdiyi əməkdaşlıq platformalarında İranın yer alması bir daha onu sübut edir ki, Azərbaycanın zəfəri qəbul olunur və Azərbaycan dövlətlərlə mənfi münasibətlərə deyil, müsbət münasibətlərə fokuslanıb”.

Sonda isə belə qənaətə gələ bilərik ki, ölkələr arasında siyasi əlaqələrin intensivləşməsi, XİN rəhbərlərinin mütəmadi əlaqələri Bakı və Tehran arasında münasibətlərin daha da isinməsinə gətirib çıxarıb. Aşqabad görüşündə imzalanan saziş, eləcə də prezidentlərin görüşdən sonra mətbuata verdiyi açıqlamalar iki ölkə arasında münasibətlərin artıq yoluna girdiyini söyləməyə əsas verir.

Fuad Sadıqov,

Ziya Allahyarov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR