“İranın Ermənistana olan təzyiqləri Rusiyanın xoşuna gəlmir” – POLİTOLOQ ŞƏRHİ

# 21:00
6 oktyabr 2021

İran Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahianı Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Moskvaya rəsmi səfərə çağırıb. Hələlik səfərin detalları tam açıqlanmasa da ehtimallar müxtəlifdir. Bu günədək bütün dövlətlərlə hər cür əlaqələrdə yalnız öz mənafeyini güdən İranın Rusiyadan da bir umacağı olduğu şübhəsizdir. Eyni zamanda bu günədək regionun bütün məsələlərində ölü nöqtədə qalan İranın birdən-birə dirilərək, özünü “super güc” hesab etməsi Rusiyanın da diqqətindən yayınmış olmamalıdır. Bəs Rusiya və İran Xarici İşlər Nazirlərinin görüşündə əsas detallar nələrdən ibarət ola bilər?

 

 “İranın xarici işlər naziri yeni təyin olunsa da, verdiyi açıqlamalar, Ermənistan XİN-lə görüşdə səsləndirdiyi fikirlər regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət etmir. Bu iddialar mahiyyət etibarı ilə həm mövcud reallığa söykənmir, həm də İranın potensialına və gücünə əksdir. İndiki şəraitdə İranın sərgilədiyi mövqe, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı nümayiş etdirdiyi yanaşma Rusiya, Azərbaycan, Ermənistan  anlaşmasının fəlsəfəsinə ziddir. Baxmayaraq ki, Türkiyə tərəfindən “3+3” formatında İranın da proseslərdə aktiv şəkildə iştirakı etməsinə imkan yaradılmışdır, görünür İran özünü 6-lıq səviyyəsində yox, daha yüksəkdə görüb”.

 

Elçin Mirzəbəylinin sözlərinə görə, hazırda İranın regiondakı proseslərə aktiv şəkildə qoşulması və hansısa müdaxiləsi öz effektivliyini itirib. Politoloq deyir ki, İran 30 ilə yaxındır Ermənistan kimi bir ölkənin yanında yer alaraq regionda öz nüfuzunu aşağı salıb.

 

 “Rusiya tərəfindən bu ölkənin Xarici İşlər Nazirinə regiondakı geosiyasi reallığı xatırlatmaq lazımdır. İranın yeni seçilən prezidenti ölkə daxilində hakimiyyəti qoruyub saxlamaq üçün formal olaraq  mühafizəkarları təmsil etsə də, onun düşüncəsində regiona yeni bir baxışın əmələ gəlməsinə ehtiyac duyulur. Bu aspektdən də düşünürəm ki, belə bir təmas sırf Rusiyanın mövqeyini İrana çatdırılması ilə bağlıdır”.

 

Siyasi araşdırmaçı Fərhad Məmmədov isə deyir ki, bu görüş ilk öncə tanışlıq xarakteri daşıyır və bütünlükdə İran-Rusiya münasibətlərini əhatə edəcək. Onun sözlərinə görə, rusiyalı nazir regionla bağlı səthi fikirlər səsləndirən İran xarici işlər nazirinə mövcud reallığı da izah edə bilər.

 

 “Düşünmürəm ki Rusiya İranın da bu proseslərdə hansısa formada iştirakının dəstəkləyicisi olsun. Çünki bu zaman üçtərəfli bəyanatın mənası itəcəkdir. Bu isə Rusiyanın ümumi maraqlarına ziddir. İran tərəfindən Ermənistana olan təzyiqlər də Rusiyanın xoşuna gəlmir. Çünki Ermənistan ilk növbədə Rusiyanın hərbi-siyasi müttəfiqidir. Rusiyanın orada on illərdir formalaşan hərbi infrastrukturu və iqtisadi maraqları var. Həmçinin Zəngəzur dəhlizi kimi layihələrdə Rusiyanın iştirakı təmin olunub və Rusiya, İrana təxribatlara getməmək üçün məsləhətlər verə bilər”.

 

Fərhad Məmmədov onu da əlavə etdi ki, hazırda Azərbaycan üçün kifayət qədər münbit şərait var. İranın əsassız reaksiyası da onu göstərdi ki, Azərbaycan yeni geosiyasi reallıqda bütün şəraitə hakimdir. Bundan irəli gələn bütün vasitələrdən isə istifadə edəcək.

 

Xələf Xələfov,

Musa Qulammirzəyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR