Kəndlinin də, işçinin də gözündən düşən kənd klubları – klublar bizim hansı işimizə yarayır?

# 12:44
9 sentyabr 2023

 

Kənd klubları kənddə mədəniyyət adına lazım olan ən vacib obyektlərdən biri sayılsa da hazırda onlardan istifadə edən azdır. Bəzi klublar isə ümumiyyətlə işləmir, daha doğrusu işini ancaq kağız üzərində davam etdirir. Keçmişdə kəndlilər üçün adi həyat tərzinə çevrilən klublardakı kino, teatr, konsertlər, dərnəklər elə keçmişdə də qalıb. Qapısı qıfıllı olan, kinodan, texnologiyadan bixəbər kənd klublarının əksəriyyətinin binası da uçmaq üzrədir. Burada gəncləri özünə çəkəcək xeyirli hər hansı bir şey tapmaq mümkün deyil, çoxunda internet də yoxdur, kosmos əsrində vay-fay dalğaları bu divarlar üçün yad ünsür kimidir. Yayda istisinə, qışda soyuğuna tab gətirmək mümkün olmayan bu klublar nəinki gəncləri, heç işçiləri də özünə çəkmir. Kəndlinin də, işçinin də gözündən düşən belə klublardan biri də Xaçmazdakı Uzunoba kənd klubudur. Elə biz kəndə baş çəkdiyimiz vaxt da iş saatı olmağına baxmayaraq, klubun qapıları bağlı idi. Kimə lazımdır ki?! Xaçmazda fəaliyyət göstərən 48 kənd klubundan bəzilərinin ya normal şəraitləri yoxdur, bəzilərinin də binaları qəzalı vəziyyətdədir. Çəkiliş apardığımız Nərəcan kənd klubu isə artıq özəlləşdirilib. Amma kənd sakinlərinin bu klubla bağlı xoş xatirələri hələ də qalmaqdadır. Kürdəmir rayonunda fəaliyyət göstərən bütün klublar da yararsız vəziyyətədir. Rayon üzrə 29 klubda 96 əməkdaş çalışır. Rayon mədəniyyət evinin inzibati binasında yerləşən, ümumi sahəsi 345 kvadratmetr olan klubda isə 11 əməkdaş dözülməz bir durumda işləyir. Çəkiliş apardığımız klubların hər birində vəziyyət demək olar ki, eyni idi. Binaların daxili və xarici divarları uçuq, qapı-pəncərə sınıq-sökük, döşəmələrinin taxtaları çürük, dam örtüyü isə yararsız vəziyyətdə. Rayon sakini Şamama Əliyeva da son illər klubların xidmətindən istifadə etmədiyini deyir. Sabirabad rayonunda baş çəkdiyimiz Qaragüney və Şıxsalahlı kənd klubları da kənd icra nümayəndəliyinin yerləşdiyi binada fəaliyyət göstərir. Buna fəaliyyət göstərmək demək olarsa. Mədəniyyət klublarına baş çəkdiyimiz zaman çöldə nə az, nə çox, düz 40 dərəcə isti var idi. Bu istidə soyutma sistemi olmayan belə zallarda hansı tədbiri keçirmək mümkündür? Klublar heç də yalnız kino göstərmək və tədbir keçirmək üçün deyil, orda həm də müxtəlif sərgilərin keçirilməsi, müxtəlif dərnəklərin fəaliyyət göstərməsi mümkündür. Qaragüney kənd klubunun metodisti də gördükləri işlərdən ağız dolusu danışdı. Sakinlərə də mikrofon uzatdıq, sadalanan tədbirlərin bircəciyini gördüm deyən olmadı. “Kəndimizdə mədəniyyət evinin olub-olmamağın biz bilmirik. Çünki mədəniyyət evi çoxdan işləmir. Bəlkə də toz basıb oranı. Mədəniyyət evi mütləq lazımdır. İnsanın formalaşmsına böük təsiri var. Ancaq bizdə yoxdu. Bəlkə də var, olsa da xəbərimiz yoxdu...” Daha bir acınacaqlı kino zalının yerləşdiyi mədəniyyət evi Zaqatala rayonunun Aşağı Tala kəndindədir. Ötən əsrin 80-ci illərinin ortalarında tikintisinə başlanılan və 1989-cu ildə tikintisi sona çatdırılaraq istifadəyə verilən 420 yerlik zalı olan ikimərtəbəli mədəniyyət evi bu gün dağılıb yox olmaq üzrədir. Ötən əsrin 80-ci illərində Zaqatala şəhəri ərazində müasir tələblərə cavab verən, xalq qəhrəmanı Babəkin adını daşıyan kino-klub tikilərək rayon sakinlərinin istifadəsinə verilib. Lakin tam işlək vəziyyətdə olan bina 2007-ci ildə hərraca çıxarılaraq satılıb. Kinoklub binası satıldıqdan sonra ərazidə yeni tikinti işləri aparmaq adı ilə sökülüb və bu günə kimi heç bir tikinti aparılmayıb. Hazırda kinoklubun yerləşdiyi ərazini kol-kos basıb. Rayonlara, kəndlərə baş çəkib görəndə ki, sakinlərin klubdan xəbəri yoxdur, dedik bəlkə Mədəniyyət Nazirliyinin xəbəri ola. Odur ki, nazirliyə sorğu ünvanladıq. Nazirliyin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova sorğumuza cavab olaraq bildirdi ki, nazirlik regionlarda kənd klubları ilə bağlı monitorinq aparır. Bəli, aydın olan odur ki, regionlarda nə qədər klub olduğunu və onların nə işə yaradığını hələ nazirlik özü də bilmir. Amma illərdir bu klublarda mövcud olan xalagəlini, əmiqızı ştatları üçün dövlət büdcəsindən xeyli məbləğdə pullar xərclənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR