Mart getdi, dərd getdi - Kababdan daha dadlı bitkilər

# 15:52
25 aprel 2022

Yaz fəsli gələndə təbiətin ən şəfalı bitkiləri süfrəmizin bəzəyinə çevrilir. Gənc nəsil bir çox bitkinin adını bilmir. Təbii yolla özü bitən bitkilərin dadından da, faydasından da xəbərsiz qalırlar.

 

Lakin yaşlı nəsil bəzi bitkilərin yeməli olduğunu bilməklə yanaşı həm də onların min dərdin dərmanı olduğunu da bilir.

 

APA TV-nin Qarabağ bürosu təbiətin qoynundakı bu şəfalı ləzzəti süfrələrə daşıyan Zərnişan xanımın süfrəsinə qonaq olub.

 

72 yaşlı Zərnişan nənə deyir ki, onun yaşadığı kənddə əvvəllər yaz gələndə 3-5 qonşu qız gəlinlər meşələrdə təbii bitkilər toplayar, birlikdə sac asıb göy kətəsi bişirərmişlər.

 

Göyərti qutabının içliyi bişirildiyi yerə görə dəyişir. Soğan, motal pendiri ilə xırda doğranmış cincilimdən hazırlaya bilərsiniz, gicitkən, qazayağı, ispanaq, çuğundur yarpağı qarışığı da işlədə bilərsiniz. Kətənin içərisinə qoyulmuş pencərdən asılı olaraq onun da müxtəlif növləri vardır: şomu kətəsi, unnuca kətəsi, qırxbuğum kətəsi, cincilim kətəsi, gicitkən kətəsi və s. İsti kətənin ləzzətinə ləzzət qatan isə süfrələrə verilərkən arasına qoyulan kərə yağıdır.  Müsahiblərimiz deyir ki, bitkilərdən gələn vitaminlərin əvəzini heç nə verə bilməz.  

 

Hazırlanması çox çətin olmayan bu yeməyi köz üstündə bişirdikdə çox ləzzətli olur. Bişmə vaxtı çox qısa olduğundan tərkibindəki vitaminlər ölmür. 

 

Quşəppəyi, Gicitkən, yemlik, quzuqulağı, cincilim, əvəlik, qara yarpız, quzuqulağı, kiriş, dağ keşnişi və sair bitkilərdən hazırlanan göy kətəsini, qovurmasını başqa heç bir dadlı qazan yeməyi əvəz edə bilməz.

 

Habil Alanoğlu, Ziya İsmayılov APA TV Tərər

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR