Maşın saxlamaq üçün həyətləri zəbt edənləri hansı cəza gözləyir?

# 10:41
24 yanvar 2022

”Hazırda olduğumuz ərazi Binəqədi rayonu, yeddinci mikrorayon ərazisidir. Belə ki, APA TV-yə daxil olan şikayətlər əsasında sözügedən məkana gəlmişik. Şikayət isə ondan ibarətdir ki, gördüyünüz konstruksiyanı quraşdıran şəxslər, axşam olduğu zaman maşınları burada saxlayırlar və səhər vaxtı getdiklərində isə ərazini bu cür zəncirləyib, başqa bir sürücünün burada maşın saxlamasına icazə vermirlər. Nəticədə isə mübahisə baş verir. Göründüyü kimi zəncirdən əlavə bir mane də burada var. Eyni zamanda divarda qeyd olunan 668 nömrəsi də ondan xəbər verir ki, bu adamlar hər gün maşınlarını eyni yerdə saxlayır. Beləliklə, həmin adamlar başqa sürücülərin ərazidə maşın saxlamağına icazə vermirlər.  Bu problemə Bakının bir çox ərazisində rast gəlmək olar. Ən çox istifadə olunan isə bu cür süni maneələrdir. Bu isə həm qanun pozuntusuna həm də şəhərin görünüşünə xələl gətirir”.

Ərazini gəzdiyimiz zaman bəlli oldu ki, sakinlər maşınlarını yalnız bir məkanda saxlamaq üçün müxtəlif süni maneələrdən istifadə edir. Bunun səbəbini soruşduqda isə elə bu vətəndaş kimi bildirir ki, bu binada yaşayıramsa, demək binanın qarşısı da mənimdir və başqa bir sürücü burada maşın saxlaya bilməz.

Mövzunu bir az da dərindən araşdırmaq üçün Bakının bir neçə rayonunda olduq. Gördüyümüz mənzərə isə eyni idi. Binaların qarşında yerə və divara yazılan maşın nömrələri, zəncirlənmiş ərazilər, daş və bidondan istifadə etməklə ərazilərin qamarlanması və başqa neqativ faktlara şahid olduq.

Bu maneələr həm də ictimai problem yaradır. Məsələn, Təcili Tibbi Yardım maşınları, yanğınsöndürənlər bu əraziyə necə girsin?

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirdi ki, avtomobil yollarında sədlərin, zəncirlərin, şlaqbaunların qurulması və ya avtomobil və piyadaların hərəkətinin başqa üsulla məhdudlaşdırılması məsuliyyət yaradır: “Belə olan halda inzibatı xətalar məcəlləsinin 354-cü maddəsinə əsasən fiziki şəxslər 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər 400 manatdan 500 manata qədər, hüquqi şəxslər 3000 manatdan 4000 manat qədər, inzibati tənbeh tədbiri tətbiq oluna bilər”

”Norma” Hüquq Mərkəzinin rəhbəri Şamil Paşayev isə deyir ki, sözügedən mövzuda iki nüans var. Belə ki, baş verən qanun pozuntusunun inzibati və yaxud cinayət tərkibli olmasını araşdırmaq lazımdır: ”Amma ki, həmin avtomobil yolunun tutulması, öz başına həmin ərazini tutmaq və ya zəbt etmək, cinayət məcəlləsinin 188-ci maddəsi ilə məsuliyyətə səbəb ola bilər. Bu isə 3 ildən 5 ilə qədər, işin hallarına uyğun olaraq, azadlıqdan məhrum edilməsi ilə cəzalandırıla bilər”.


Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, binaların həyəti ümumişlək olduğu üçün burada hər hansı bir yeri məhdudlaşdırmaq düzgün deyil və qanunla qadağandır. Bu kimi hallar isə daha çox inzibatı xəta sayılır. Belə hallarda cərimə olunan şəxslərə isə həmin konstruksiyanın sökülməsi tətbiq olunmalıdır. Lakin əhali üçün ümumişlək olan ərazidə qaraj tikmək və ya hansısa hasarlama işləri aparmaq cinayət əməli hesab edilir: ”Məsələn boru, zəncir kimi şeylər çıxarıldığı zaman buna daha çox ehtiyyac var. Tutaq ki, vətəndaş ərazidə zəncir quraşdırıb və asfalt örtüyünə ziyan vurub, o zaman vətəndaşdan həm zəncirin sökülməsini həm də dəyən ziyanın aradan qaldırılması tələb olunmalıdır”.

Bəs görəsən həmin konstruksiyaları Mənzil İstismar Sahələrinin işçiləri sökə bilərmi?
Sorğumuza cavab olaraq bildirdilər ki, ərazidə yaşayan 10 nəfər və ya daha çox sakin ərizə ilə müraciət etdikləri təqdirdə, həmin konstruksiyaları sökə bilərlər.

Gördüyünüz kimi... Vətəndaşlar eyni hallarla qarşılaşarlarsa, Daxili İşlər Nazirliyinə, Bakı Nəqliyyat Agentliyinə, eləcə də Mənzil istismar Sahələrinə müraciət etməklə bu cür konstruksiyaların sökülməsinə nail ola bilərlər.


Semral Cavad
Kamran Namazov
APA TV


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR