Məktəb yaşı azaldılmalıdırmı? - MÜƏLLİMLƏR NAZİRİN FİKRİ İLƏ RAZILAŞMIR

# 13:52
6 oktyabr 2021

 

 

Təhsil naziri məktəb yaşının aşağı salınmasını təklif edir. Nazir 4 gün əvvəl, "Təhsildə yeni çağırışlar" II Beynəlxalq Forumunda çıxış edərkən bildirib ki, əsas çağırışlardan biri erkən məktəbə başlama yaşı ilə bağlıdır: SİTAT: "Zənnimcə, 6 yaş gecdir. Məktəb yaşının 5-ə qədər azaldılmasına çalışmalıyıq".

 

Nazir Emin Əmrullayevin səsləndirdiyi fikrə həm təhsil ictimaiyyətinin, həm də rəsmi şəxslərin mövqeyini öyrəndik

 

Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov hesab edir ki, məsələ cəmiyyətdə böyük müzakirələrə səbəb olsa da, proqramlar və dərslər nəzərdən keçirilməli, həmçinin məsələyə kompleks yanaşılmalıdır: “İndi biz qəbul edirik ki, uşaqların zehni kifayət qədər inkişaf edib və azyaşlılar müasir texnika və texnologiyalara meyllidirlər. Müəyyən inkişafı nəzərə alıb, bu məsələyə baxmaq olar. Amma bir sıra çətinliklər var, valideynlər çantaların ağırlığından, dərs yükün çoxluğundan şikayət edirlər. Bu baxımdan kompleks yanaşılsa məsələnin həllinə bəlkə də gələcəkdə nəsə etmək olar. Məsələn, şagirdin yaşı, qavrama qabiliyyəti, dərsliklərin vəziyyəti nəzərə alınsa baxıla bilər”.

 

Ceyhun Məmmədovun sözlərinə görə ən vacib məsələ azyaşlıların fizioloji və psixoloji durumunun nəzərə alınmasıdır: “Bu məsələdə psixoloqların yanaşması da vacibdir. Hesab edirəm ki, bu istiqamətdə qərarın qəbul olunması hələ tezdir, çünki hazır deyilik”.

 

Pedaqoq, 27 saylı orta məktəbin ibtidai sinif müəlliməsi İnarə Əliyeva hesab edir ki, bu gün hətta 6 yaşlıların 1-ci sinfə qəbulu zamanı problemlər yaşanır: “5 yaşlıların dərsə başlaması fikri ilə razı deyiləm. Bu mənim obyektiv fikrimdir. Amma 5 yaş çox kiçik yaşdır. Uşaq o yaşda 2-3 saat ardıcıl oturmaq və dinləmək, cavab vermək məcburiyyətində qala bilməz. Bilirsiniz necədir, bəzən bu uşaqların əksəriyyəti yaşlarına görə hazırlıqlı olur. Hərfləri bilir, sayır, hecalarla oxuya bilir. Amma elə 6 yaşlı uşaqlar var ki, anlayış yoxdur. Uşaq nə bağçaya gedib, nə də valideyn hazırlaşdırmayıb. Dərsliklərin yeniliyi də bu işdə bizə çox çətinlik yaradır”.

 

“Birinci siniflərin dərsi bu gün üçün artıq yekunlaşır. Bir az yorğundurlar. Suallarımızı cavablandırıb, bir neçə gün də onların məktəbdən nə öyrəndiyini soruşduq”.

 

“Hansı uşaqlar məktəbəqədər müəssisələr getməyiblər onlarla işləmək bir az çətindir. Onlar bəzən dərsdə belə oturmaq istəmirlər. Uşaqlar müəyyən yaşda, yəni 5-dən hazırlığa cəlb olunmalıdır. İndi sinifdə elə uşaqlar var ki, oynamaq istəyirlər, indi onların psixoloji durumunu da nəzərə almalıyıq. Əsas məsələ odur ki, məktəbi sevərək gəlsinlər, burda onlar üçün hər cür şərait yaratmışıq. Amma 5 yaşlı uşağın birinci sinfə qəbulu çox tezdir”.

 

 “5 yaşlı uşaqlarla uşaq bağçasında da görüşdük. Yuxudan yeni oyanmışdılar. Az da olsa suallarımızı cavablandıra bildirlər”.

 

“5 yaşlıların məktəbə tam hazır olduğunu düşünmürəm. Bu məsələdə uşağın sağlamlığı, qavrama qabiliyyəti mütləq nəzərə alınmalıdır. Çünki, məktəbə hazırlıq elə 5 yaşdan başlayır. Düzdür məsələyə fərdi yanaşsaq, fəal uşaqlara da rast gəlmək olur. Amma tam sağlam və dərsə hazır vəziyyət üçün 6 yaş daha uyğun yaş mərhələsi hesab oluna bilər”.

 

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Həsənov isə hesab edir ki, dünyanın inkişaf etmiş ölkələrində məktəbə cəlb edilmə 5 yaşından başlayır. 2016-cı ildən etibarən Azərbaycanda da 5 yaşlıların orta ümumtəhsil məktəblərinin nəzdində fəaliyyət göstərən məktəbə hazırlıq qruplarında təhsilinə başlanılıb. Bu il 90 min 5 yaşlı uşaq məktəbə hazırlıq qruplarına artıq cəlb olunub. “Bu doğru addımdır”, - deyən Kamran Əsədovun sözlərinə görə, 5 yaşdan məktəblərə cəlb edilmə orta ümumtəhsil məktəblərində tədris yükünü azaldacaq.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR