Mənim dan ulduzum batdı qəfildən... – MUSA YAQUBA VİDA

Mənim dan ulduzum batdı qəfildən... – MUSA YAQUBA VİDA

# 19:08
8 may 2021

Yazmaq da bir növ ibadətdir deyiblər. Onun ibadəti də şeir yazmaq idi.­ Hüznün şairi idi Musa Yaqub.

 

APA TV xəbər verir ki, yaradıcılığı sevgiylə yoğrulan, şeirlərini ürəyinin diliylə qələmə alan şair əksər şeirlərində həyatın faniliyindən şikayət edirdi.

 

Mənim dan ulduzum batdı qəfildən,

Batdı batmağına inanmadığım.

Dünya fani imiş, ömürsə ani,

Bitdi bitməyinə inanmadığım.

 

Yazdıqlarının bu qədər kədərli olması da səbəbsiz deyildi. Həyatın tərs üzü ilə hələ uşaqlıqdan tanış olmuşdu şair.

 

1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində dünyaya göz açan Musa Yaqubun uşaqlıq illəri İkinci Dünya müharibəsi dövrünə təsadüf edir. O illərin maddi məhrumiyyətləri, kasıblıq, həyatın ağrı-acısı ilə kiçik yaşlarından tanış olur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyir.

 

Ədəbi fəaliyyətə 1957-ci ildə çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayır. Daha sonra şeirlərini çap etdirmək üçün Bakıya gəlir. O dövr üçün dağ kəndində yaşayıb Bakıda şeir çap etdirmək asan iş deyildi. Mətbuat mühitində çalışanların əksəriyyəti şairlər idi, ona görə şeir çap etdirmək yolunda ciddi rəqabət var idi. Bu çətin­liklərə görə Musa iki ilə yaxın müddətdə Bakı mətbuatında öz şeirlərini çap etdirə bilmir. Bu çətinliklər onun poeziyaya olan sevgisini azaltmır, 1973-cü ildə Musa Yaqubun 3 kitabı işıq üzü görür.

 

Şairin “Tənhalığın üsyanı”, “Payız günüm”, “Sən mənimləsən”, “Taleyin qisməti”, “Öyrətmə özünə, öyrətmə məni”, “Bu dünyanın qara daşı göyərməz” kimi yüzlərlə ruhumuza xitab edən şeirləri oxucuların qəlbinə yol tapmağı bacarır.

 

Musa Yaqubun ilk məhəbbətinin adı Gülşən olub. Şair o qıza çox şeirlər həsr edib. Onun daşa dəymiş məhəbbətindən dostları da xəbər tutublarmış və şair də ürəyini boşaltmaq üçün tez-tez həmin qıza yazdıqlarını ürək qızdırdığı həmin adamlara oxuyarmış. Sonradan Gülşən xanıma yazılmış həmin şeirləri şairin dostları “O insafa gəlmədi” adlı bir kitabda toplayıblar.

 

Musa Yaqub həyat yoldaşı Zöhrə xanımın ölümündən sonra daha da sarsılır. “İlk dəfə payızdan sənsiz keçirəm” şeirini də ona ithaf edir.

 

Səni səsləyirəm, haçan gələrsən?

Bəlkə son körpümdür, sonuncu keçid.

Ağ atlı bir nağıl göndər dalımca,

Məni bu payızın içindən keçirt.

 

Şair bir müddət İsmayıllı rayon Xalq Deputatları Sovetinin və Milli Məclisin deputatı olur. Lakin çox tezliklə siyasətdən uzaqlaşmaq qərarına gəlir. “Qələm adamının siyasətin içində olması mənəvi əzabdır” - deyən Musa Yaqub cəmi bir çağırış deputat olmaqla kifayətlənir.

 

Ürək telim buz bağladı,

Dondurdu sırsıra məni.

Mən hara, bu yığnaq hara,

Kim gətirdi bura məni?

 

2019-cu ildə xalq şairi adına layiq görülən Musa Yaqub uzun müddət parkinson xəstəliyindən əziyyət çəkib və mayın 7-də - 84 yaşının tamam olmasına 3 gün qalmış dünyasını dəyişir.

 

Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də, qoynunda qoy ölüm ki, mən

Çürüyüm, bir ovuc torpağın artsın!

 

Ruhu yaşından cavan, payız ruhlu bir şair keçdi bu dünyadan. Adı imzasıdır Musa Yaqubun...

 

Fatma Zahidqızı

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR