Müəmmalı rekord: MİDA 5 saniyəyə 500 mənzil satdı - Şikayətlər mənzil sayından çoxdur

# 19:26
30 mart 2022

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan güzəştli evlərin satışının ikinci mərhələsi başa çatdı. Agentlik 442 mənzilin seçimində 8 939 nəfərin iştirak etdiyini açıqlayıb. Lakin mənzillərin satışa çıxarılması ilə satılması cəmi 4-5 saniyə çəkib.

APA Tv xəbər verir ki, mənzillərin yüksək sürətlə satılması narazılıqlara səbəb olub. İddia olunur ki, cəmi bir neçə saniyə ərzində 500-ə yaxın mənzilin satılması müəmmalıdır və vətəndaşların fiziki baxımdan bu prosesi icra etməsi mümkün deyil. 

Belə iddialar da var ki, seçilən mənzillər əvvəlcədən proqramlaşdırılmış formada saxlanılır və sonradan gözləmə bölümündə satılır. O da iddia olunur ki, “makler”lər evləri əvvəlcədən əldə edir, sonra kvadrata uyğun olaraq, 3-7 min manat alıb başqalarına satırlar.

İKT mütəxəssisi Elman Mütəllim də yaxını üçün bu evlərdən birini almaq istəsə də, buna müvəffəq ola bilməyib. O deyir ki, sürətli proqramçılar bu evi ala bilmirsə, sosial vəziyyəti aşağı, evində internetinin sürəti zəif olan insanlar bu gedişlə ev sahibi ola bilməyəcək: ”Bu gün keçirilən sosial evlər üçün bir yaxınımız bizə müraciət etdi, onun sosial vəziyyəti aşağı idi. Biz onun üçün ev almaq istəsək də, saytdakı texniki problemlər ucbatından və ya qabaqcadan planlaşdırılan hadisələr səbəbindən, əngəl yarandı. Sayta daxil olduqdan sonra fiziki şəxs bunu 3-5 saniyəyə seçə bilməz. Biz özümüz də 8-9 saniyəyə ev götürə bilirik. Lakin bu cür ala bilmədik. Bizimlə birlikdə bir çox vətəndaş da bundan əziyyət çəkdi”.
Mənzil üçün müraciət edənlərin sözlərinə görə, ədalətsiz seçim nəticəsində proses sadə vətəndaşlar üçün əngələ çevrilir. Nəticədə seçim kriteriyalarına cavab verən, ümidini güzəştli mənzillərə bağlayan vətəndaşlar yenə də evsiz qalırlar.

Əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyevsə deyir ki, prosesdə şəffaflığın olması üçün müraciət edən şəxslər arasında kategoriya bölgüsü aparılmalıdır: ”Güzəştli mənzillər müəyyən qrupa şamil olunur ki, onlar da müəllimlər, hərbçilər və digər qrup şəxslərə şamil olunur. Belə problemlərin olmaması üçün satış müəyyən qruplara bölünməlidir. Bir satışda ancaq müəllimlər, digərində hərbiçilər və s. Bu zaman müraciət edənlərin sayında da azlıq olacaq. Tutaq ki, 1000 nəfər müəllimdən 400-ü evlə təmin oluna biləcək”.

Ekspertin sözlərinə görə, normal halda Yasamal rayonunda 3 otaqlı evlərin qiyməti 130-150 min manat arasında dəyişir. Lakin güzəştli evlərdə bu qiymət dəfələrlə az – 50-60 min manat civarındadır. Bir otaqlı evlər isə 20-25 min manata əldə olunur. Bu qədər kəskin fərqin olması da evi olanları belə, müxtəlif yollarla layihədən istifadə etməyə, yeni ev almağa şirnikləndirir.

Mənzil İnşaatı Dövlət Agentliyinə müraciət etsək də, qrumdan suallarımıza və səsləndirilən iddialara cavab verən olmadı. Sosial şəbəkələrdə ən sərt formada qınanılan Agentlik bütün şikayətlərin, narazılıqların fonunda “susmaq qızıldır” prinsipinə sadiq qaldı. Bu isə növbəti sualların yaranmasına səbəb oldu.

Dəmiri isti-isti döyərlər deyib, atalar. Ancaq bu qədər sürətlə döymək heç onların da ağlına gəlməzdi ki, susmağı qızıl olan MİDA-nin ağlına gəldi.

Mövzuya qayıdacağıq.

Semral Cavad,
Ceyhun Məmmədov,
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR