Nə sosial şəbəkəmiz var, nə də dəstəyimiz - Milyonlarla dolları cırıb atırıq

# 16:19
31 oktyabr 2022

Həyatımızın bir parçasına çevrilən internet günümüzdə ən böyük maliyyə mənbəyi hesab olunur.

 

“Facebook”, “İnstagram”, “Tiktok”, “Twitter” və s. kimi məşhur platformaların aktiv istifadəçi kütləsi sosial şəbəkə biznesinin önəmindən və nəhəngliyindən xəbər verir.

 

Bəzi mütəxəssislər düşünürlər ki, “Space X” şirkətinin qurucusu və CEO-su Elon Muskun bu yaxınlarda “Twitter” platformasını 44 milyard dollara almaq istəməsi bu sahənin yaxın gələcəkdə iqtisadi önəminin daha da artacağının xəbərçisidir.

 

Azərbaycan da həmin platformaların istifadəsində aktivlik dərəcəsi yüksək olan ölkələrdəndir.

 

Məlumdur ki, əsasən, reklam üzərindən gəlir qazanan bu platformalar vasitəsilə ölkəmizdən xaricə milyonlarla dollar axır.

 

Belədə isə bir sual ortaya çıxır: Azərbaycanın niyə milli şəbəkəsi yoxdur? Buna əngəl olan amillər nələrdir?

 

Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kazımovun fikrincə, ölkəmizdə ən çox istifadə olunan sosial platformaları əvəz edə biləcək resurs ya yoxdur, ya da çox zəif potensialdadır: “Azərbaycanda müəyyən mənada startaplar inkişaf etdirilməli, həmçinin korporativ iri qurumların həm İT sahəsindən, ticarətdən, və s. sahələrdən olan resursları inkişaf etdirməlidir”.

 

Ekspert bildirdi ki, Azərbaycanın uğurlu internet resurslarından biri kimi “Kapital Bank”ın məhsulu olan “Umico” alış-veriş kartını misal göstərmək olar.

 

Azərbaycana məxsus bir digər internet məhsulu isə yeni istifadəyə verilən “Wibty” adlı sosial platformadır.

Platformanın layihə rəhbəri Həmzə Hüseynlinin sözlərinə görə, “Wibty”-nin əsas funksiyası insanların əhvalına görə seçilmiş mahnılar dinləməsi və hazırda harada dinlədiyini dostları ilə paylaşa bilməsidir.

 

Layihə uğurlu olsa da, müsahibimiz qeyd etdi ki, müəyyən çətinliklərlə də üzləşib: “Layihə hazırlamaq deyəndə, startap, müxtəlif proyektlər, arxitekturası olsun, ümumi planlaşdırması, hansı prosedurlardan keçəcək, proqramçılarla necə danışmaq lazımdı və bu tipli mövzular, dizaynı necə təyin etməlisən, necə digərlərindən üstün olmalısan, dizaynı necə proqramda işlədəcəksən və s. çox dərinlikləri var və sosial şəbəkə hazırlamaq istifadə etmək qədər primitiv deyil ”

 

Həmzə Hüseynli bildirdi ki, təkrar cəhdlərdən sonra 2021-ci ildə proqram yenidən aktivləşdirilib. Hazırda, 200 mindən çox şəxs “Wibty” platformasından istifadə edir.

Lakin yetərli büdcə toplana bilmədiyi üçün proqramın yenilənməsi dayandırılıb. Həmzə Hüseynli onu da söylədi ki, 10 ilə yaxındır bu layihəni inkişaf etdirməyə çalışsalar da, nə hansısa dövlət qurumundan, nə də müstəqil investorlardan maliyyə dəstəyi ilə bağlı təklif almayıblar.

 

Ümumilikdə isə ölkəmizdə internet sahəsi üzrə maliyyələşmə zəif olduğu üçün hələ ki, layihələr gözlənilən nəticəni vermir.

 

Eyni proses digər MBD ölkələri üçün də keçərlidir. İnternet sektorunda digər MDB ölkələrindən daha aktiv olan Rusiyanın özündə də vəziyyət fərqli deyil. 2000-ci illərə nəzər yetirsək, həmin dövrdə Rusiyaya məxsus Agent.ru,  “Odnoklassnik” kimi çat saytları insanların marağına səbəb olan yeni funksiyalarla internet mühitində əhəmiyyətli yer tuturdu.

 

Ancaq rəqib şirkətlərin sayı artdıqca bu cür platformalar geriləməyə başladılar. Çünki bu saytlara dövlət tərəfindən ciddi dəstək göstərilmədi, investorların dəstəyini qazana bilmədilər və özlərini yeniləməkdə çətinlik çəkdilər.

 

Fərid Kazımovun fikrincə, hazırkı şərtlərlə insanların bir platformadan digərinə axını zamanı yaradılan internet resursu daha böyük uğur qazana bilər.

Məsələn, insanların feysbukdan instaqrama keçidi dövründə Amerikaya məxsus “LingDing” adlı biznes platforma yaradılıb ki, hazırda əksər iş adamlarını orada tapmaq mümkündür.

 

ŞƏMS QULİYEVA

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR