Piyada və sürücüləri qara günə qoyan keçidlər - BNA HARA BAXIR?

# 19:43
13 noyabr 2021

Bu gördüyünüz piyada zolağıdır.  Yəni nə vaxtsa olubmuş. Amma indi bu zolağın ağı gedib, qarası qalıb.

 

Bir-iki əsas yolları çıxsaq, Bakı küçələrinin əksəriyyəti bu gündədir, ya da yaxınlarda bu günə düşəcək. Hələ indi gözümüzə arabir ağ izlər görünür. Gecə düşəndə isə, bu izləri də görmək mümkünsüz olur. Elə buna görə də son illər piyada zolaqlarında baş verən qəza halları çoxalıb. Sağlamlığını itirənlərlə yanaşı, təəssüf ki, həyatını itirənlər də az olmayıb.

 

Elə çəkiliş apardığımız zaman da bir piyada öz atletik bacarıqlarından istifadə edərək salamat qalmağı bacardı. Bacarmasaydı kimin yaxasından tutacaqdı ki?! İşə məsul qurumlar isə söz verməklə günü-günə calayırlar.

 

Zolaqların silinməsi tək piyadaların həyatını təhlükəyə atmır, eyni zamanda sürücülərin də tez-tez qayda pozuntusu edərək cərimələnməsinə səbəb olur. Çox maraqlıdır ki, adətən bir qurum tərəfindən belə laqeyd yanaşılan ərazi, digər qurum tərəfindən daim diqqətdə olur ki, sürücülərimiz daha çox cərimələnsin və intuisiya ilə hiss etsinlər ki, burada zolaq olmasa da, piyada keçidi mövcuddur.

 

Sürücü Dövran Mustafayev deyir ki, zolaqların görsənməməsi çətinlik yaradır: “Sürücülərə çətinlik yaradır zolaqlar görsənmir. 80% piyada zolaqları görsənmir. Axşam heçnə görmək olmur. İşıq qaytarıcılar olmalıdır ki, biz onu görək”.

 

Mir Sədi Ağayev də şikayətçidir: “Axşam oldu, yağış yağdı, çox əziyyət çəkirik. Piyada keçidi ümumiyyətlə bilinmir”.

 

Bəs maraqlıdır piyada zolaqları nə qədər müddətə yenilənir? Ümumiyyətlə yollardakı müvafiq vəziyyətlə bağlı monitorinq edilirmi?  Suallarımız çoxdur və bu  suallarımıza cavab tapmaq üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq: “Zebra keçidlərinin yenilənməsi davamlı bir prosesdir. Cari ilin 9 ayında Bakı şəhərinin küçə və prospektlərində 80-dən artıq piyada keçidi təşkil edilib. 647 ünvanda isə piyada keçidi yenilənib. Bununla yanaşı, piyada keçidlərinin uzaq məsafədən daha cəlbedici olması üçün müxtəlif üsullardan istifadə olunur ki, buda piyada təhlükəsizliyinin təmin olunması baxımından çox vacibdir. Ətraf qəsəbələr üzrə yollarda yüksək işıq qaytarıcı boyalardan istifadə olunur”.

 

Xüsusən günün axşam saatlarında və yağışlı günlərdə sürücülər həmin silinmiş və ya silinmək üzrə olan piyada zolaqlarını görmür. Əgər piyada zolağı görünməzdirsə və orada yol nişanı yoxdursa, belə halda məsuliyyəti kim daşıyır? Nəqliyyat üzrə ekspert Rövşən Həsənov deyir ki, boyalar vaxtlı vaxtında yenilənməlidir: “Nişan və zolaq bir-birini tamamlamalıdır. Boyanın tərkibindən asılı olmayaraq qurumlar bunu təmin etməlidir. Bəzən deyirlər cərimələri artırmaq lazımdır. Mən düşünürəm ki, maarifləndirilmə işi aparılmalıdır ki, sürücülər piyadalara istənilən halda yol versinlər”.

 

Bəs əslində avtomobil yollarına çəkilən piyada zolaqları necə olmalıdır? Ümumiyyətlə bu boyaların tərkibinə nəzarət olunurmu?! Rövşən Həsənovun sözlərinə görə, yaxşı olar ki, qurumlar mütəmadi olaraq buna nəzarət etsinlər: “Boyanın tərkibini elə formalaşdırsınlar ki, tez bir zamanda silinməsin. Örtüyün üzərini istər yağış, istər qar örtə bilər. Yol infrastrukturu elə tənzimlənməlidir ki, sürücü və piyada arasında mübahisə yaranmasın. Ən əsas isə ölümlə nəticələnən qəzaların qarşısı alınsın”.

 

Nəzərə almaq lazımdır ki, bu kimi qayda pozuntuları həm sürücülərin özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəlidir. Bəs sürücü piyada keçidinə daxil olmuş piyadaya yol verilmədikdə sürücüyə hansı cərimə tətbiq olunur? Ekspert Rövşən Həsənovun sözlərinə görə, piyada zolaqları görünməz haldadırsa və orada heç bir nişan yoxdursa sürücü heç bir məsuliyyətə cəlb oluna bilməz.

 

Nərmin Murad,

Fariz Quliyev,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR