Planlı ölüm, yoxsa biganəlik qurbanları: MƏKTƏBDƏ NƏ BAŞ VERİR?

# 19:30
16 may 2022

Yaxşı yadımdadır orta məktəbdə oxuduğum zaman riyaziyyat fənnindən 4 almışdım. Anam mənə “Növbəti dəfə 4 alsan evə gəlmə, özünü elə məktəbin yanındakı çaya at” demişdi. Mən də körpüyə yaxınlaşdım və özümü atmaq istəyəndə, kənardan keçən cavan bir oğlan məktəbli çantamdan yapışıb, həyatımı xilas etdi. Deyək ki, bəxtim gətirdi. Amma təəssüf ki, 212 nömrəli tam orta məktəbin 11-ci  sinif şagirdi 17 yaşlı Aylanın, 245 nömrəli məktəbinin 11-ci sinf şagirdi Xumar Babayevanın və  onların timsalında neçə belə məktəblinin həyatını xilas etmək mümkün olmadı. İddia olunur ki, adıçəkilən şəxslərin intiharına səbəb, imtahanlarda qazandıqları uğursuz nəticə və bu nəticədən qaynaqlanan valideyn təzyiqi olub. Deyək ki, bu sadalanlar hadisələrlə bağlı sadəcə iddiadır. Ancaq bu da bir gerçəklikdir ki, imtahanda zəif nəticə göstərən şagirdlərə qarşı valideyinlərin kobud davranışı faktlarına tez-tez rast gəlirik. Bəli, intiharlardan danışacağıq, xüsusilə də son zamanlar artmaqda olan məktəblilərin intiharından.

 

Ekspertlər düşünür ki, son vaxtlar məktəblilər arasında intihar hallarının artmasının başlıca səbəbi şagird-məktəb-valideyn münasibətlərinin qənaətbəxş olmamasıdır.

Problemi ən çox körükləyən isə məktəblərdə ya psxoloqun ümumiyyətlə olmaması, ya da özlərini “yox” kimi aparmalarıdır.

 

Elə olduğumuz bir neçə məktəbdə də bunun şahidi olduq.

 

Bəs mövcud vəziyyəti dəyişdirmək üçün Təhsil Nazirliyi nə edir və ya niyə nəsə  etmir?

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov düşünür ki, bütün məktəblərdə psixoloq olsa belə problem kökündən həll olunmayacaq: “Müəllim özü psixoloq olmalıdır. Əgər gün ərzində sinif otağına gedib, şagirdlərlə müəyyən mənada təmas qurursa, ünsiyyət saxlayıb təlim aparırsa, burada həm də müəllimin psixoloji yanaşması üzə çıxmalıdır. Ona görə də burada “psixoloq vacibdir və olarsa, hər şey düzəlcək” yanaşması doğru deyil. Əgər bir məktəbdə 2000 şagird varsa, onların hamısı ilə psixoloqun təmasda olması mümkün deyil. Burada ailə, valideyn komponenti, eyni zamanda müəllim mühiti birgə işləməlidir”.

 

Bəli, birgə işləməlidirlər. Amma işləyirlərmi? Təhsil eksperti Kamran Əsədov deyir ki, bu gün orta ümumtəhsil məktəblərindəki psixoloqlar şagirdlərlə işləmirlər: “Onlar məktəbdə davamiyyəti yoxlayır, direktora çay daşıyırlar. Biz onlarda kefiyyətli tədrisi görə bilmirik. Bu problemi aradan qaldırmaq üçün orta ümumtəhsil müəssisələrində psixoloqların monitorinqi aparılmalı, ən azı həftədə bir dəfə şagirdlərlə psixoloji test keçirilməlidir. Vəziyyəti qənaətbəxş olmayan uşaq nəzarətə götürülməlidir. Təəssüf ki, məktəblərdə digər sahələr üçün otaqlar olsa da, psixoloqların işləməsi üçün lazım olan mühit yoxdur. Digər tərəfdən şagirdlərin dərs cədvəli psixoloqlara işləməyə imkan vermir. Biz onlayn rejimdə psixoloqların fəaliyyətinə imkan yaratmalıyıq ki, onlar da fərdi qaydada şagirdlərlə işləsinlər.

 

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva da məktəb psixoloqlarının fəaliyyətindən narazıdır. Nazir müavini deyir ki, artıq həyəcan təbili çalmağın tam vaxtıdır: “Xüsusilə rayonda işləyən məktəb psixoloqlarıyla şəbəkə yaratmaq lazımdır. Yönləndirmə sistemi olmalıdır ki, düzgün yönləndirilsin. Məktəb psixoloqu özü məsələni həll edə bilmirsə, kimə yönləndirəcəyini bilməlidir. Burdan hamıya müraciət edirik ki,  Gənclər Evlərindəki psixoloqlar tam anonim fəaliyyət göstərirlər. Onlar sizi vəziyyətdən çıxarmağa kömək edəcəklər”.

 

Əlbəttə ki, məktəblərdə psixoloqların tam güclə işləməsi də tək çıxış yolu deyil. Bu məsələdə uşağı tərbiyə edib, məktəbə yola salan valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Çünki şagirdlərin, xüsusilə də 10-11-ci sinifdə təhsil alanların əksəriyyətinin qeyri-etik davranışlarının, itihara meyillilik “sindromunun” və ya azyaşlılar arasında intiharların artmasının səbəbi əksər hallarda ailələrdəki boşluqlarla bağlı olur.

 

Psixoloq Gülər Məmmədova deyir ki, bu şagirdlər bir-birlərini təsdiq etmək üçün müəyyən davranış sərgiləyirlər: “Çünki həmin yaş dönəmində olanlar duyğuları ilə yaşayır, məntiqləri ilə  deyil. Bu yaşla sağlam rəftar etmək üçün məktəbin bir psixoloqu kifayət etmir. Yaxşı olar ki, yuxarı sinif şagirdlərinə ailə dərslikləri, davranış qaydaları haqqında müəyyən psixoloji biliklər ötürülsün. Bunun üçün də xüsusi dərs saatı salınmalıdır”.

 

Gülər Məmmədova düşünür ki, uşaqlar arasında artan intihar halları bu sahədə ciddi islahatlara və yeni yanaşmaya ehtiyac olduğunu göstərir. Onun fikrincə, bir məktəbdə bir deyil, bir neçə psixoloq ştatı yaradılmalı, onların əməkhaqlarına yenidən baxılmalıdır.

 

Bax belə... Gördüyünüz kimi, aidiyyəti qurumlar məktəbli intiharlarının qarşısnı almaq üçün konkret addımlar atmır, quru tövsiyələr verir, gələcək planlardan danışır. Ancaq düşünmürlər ki, onlar plan qurana qədər həssas dönəmdən keçən onlarla yeniyetmə öz gələcək planlarına intiharları ilə nöqtə qoyurlar. 

 

 

AYTƏN SAKİTQIZI,

ZİYA ALLAHYAROV,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR