Qurdlu ərzaqları kimlər satır? – TƏHLÜKƏ

# 22:00
3 noyabr 2021

İstifadə müddəti bitmiş ərzaq və qeyri ərzaq məhsullarının satılması qadağan olunsa da, dükan və marketlərdə bu cür mallara tez-tez rast gəlmək olur.

 

Elə qaynar xəttimizə də belə şikayətlər daxil olur. Bizə göndərilən bu videodan da görünür ki, məhsulun istifadə müddəti 2 fevral 2022-ci ildə bitsə də, hələ də piştaxtadadır. Açıq aydın yulaf yarmasının qurdlarla dolu olduğunun şahidi oluruq.

 

Maraqlıdır ümumiyyətlə vətəndaşlar da bel hallarla qarşılaşıbmı və ya məhsul alarkən onun istehsal tarixinə baxırlarmı? Apardığımız sorğu zamanı müştərilərin bəzilərinin məhsulu alarkən istifadə müddətinə baxmadığı, bəzisi isə buna xüsusi diqqət yetirdiklərini dedilər.

 

Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin Qida Zəncirləri Nəzarət şöbəsinin müdiri Əkbər Əliyev isə vətəndaşları məhsul alarkən diqqətli almağa çağırır: “Bildirək ki, istehlakçılar qida məhsulları alarkən, xüsusilə yüksək risk qrupuna daxil olan məhsullar - süd məhsulları, ət və ət məhsullarının saxlanma şəraitinə diqqət yetirməlidirlər. İstehlakçılar bilməlidirlər ki, onların hüquqları qanunla müəyyən olunur və həmin məhsulların təhlükəsizliyinin təsdiq edən sənədləri tələb etmək hüququna malikdirlər”.

 

Qida üzrə ekspert Ağa Salamovun sözlərinə görə, vəziyyətə nəzarət etməli olan Azərbaycan Qida Təhlükəsizlik Agentliyi yanında ictimai şura bunun öhdəsindən gələ bilmir: “Ümumiyyətlə AQTA-nın yanında yaradılan İctimai şuranın heç bir marketlərə aidiyyəti yoxdur. Bu Şura sadəcə sözdə yaradılıb. Əməldə bunların heç biri yoxdur. Çox vaxt qurd basmış konfetləri satırlar, veclərinə də deyil. Onlara gözün üstə qaşın var deyən yoxdur, dur deyən yoxdur”.

 

Ekspert Fərid Səfərov isə bildirir ki, ərzaq məhsullarının istifadə tarixinə satıcılarla yanaşı alıcılar özləri də məsuliyyət daşıyırlar: “Məhsulu alarkən onun bağlamasına, ondan əlavə açıq məhsuldursa rənginə, qoxusuna fikir verməlidirlər. Yəni vizual görünüş birinci nəzarət formasıdır. Hal-hazırda qida sənayesi ilə məşğul olan müəssisələrimiz var və bu müəssisələrdə keyfiyyətə nəzarət departamenti qurulub”.

 

Qanunvericiliyə görə, satıcılar satdıqları məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyırlar. Ancaq təəssüflər olsun ki, mağaza sahiblərinin əksəriyyəti bu məsuliyyəti dərk etmir. Qeyd edək ki istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar inzibati məsuliyyət növü müəyyənləşdirilib. Belə ki, vaxtı keçmiş ərzaqların satışını həyata keçirən vəzifəli şəxslər 1500 manatdan, 2000 manatadək cərimə olunurlar.

 

Nərmin Murad,

Xəqani Hüseynov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR