Saytlardakı bayağı başlıqlar nəyə hesablanıb?

# 20:11
27 dekabr 2021

“Azərbaycanda Şok: Evli qadın sübh namazını qılıb, sevgilisinə qoşulub qaçdı”.

Və ya “Azərbaycanda meşəlikdə şok olay: Qızı içizdirdi, maşının kopotunun üstündə...”

Bir müddətdir ki, əksər saytlarda tez-tez belə başlıqlara rast gəlirik. Qəribə burasıdır ki, belə başlıqlardan oxucular da narazılıq edir, jurnalistlər də. Amma ən çox oxunan da bu cür başlıqlarla təqdim edilən yazılardı.

Az öncə nümunə kimi səsləndirdiyimiz başlıqların dərc olunduğu sonxeber.az saytının rəhbəri Namiq Abdullayev deyir ki, əslində bu cür təqdimatlardan uzaq durmağa çalışırlar: “Belə texniki səhvlər olur bizdə çalışırıq ki, belə nöqsanları aradan qaldıraq. Biz hər zaman şok və  son dəqiqə kimi başlıqlardan qaçmışıq. Əlbəttə bəzi nöqsanların olması da qaçılmazdır. Gün ərzində  xəbərin çoxluğu bu kimi nöqsanların əmələ gəlməsinə səbəb olub. Biz bu barədə dərhal məlumat veririk ki, bu hal təkrarlanmasın. Biz çalışırıq ki, verilən xəbərlərin düzgünlüyü yoxlanılsın”. 

Lent.az saytının baş redaktoru Hafiz Heydərov isə hesab edir ki, oxucu kütləsinə maraqlı olan  belə başlıqlar yalnız etikanı qorumaq şərti ilə yazılmalıdır: “Biz lent.az saytı olaraq burada başlıq yazanda məsləhətləşirik. Hər bir əməkdaşın fikrini öyrənirik. Bu gün rast gəldik ki, ictimaiyyəti aldadan başlıqdan istifadə etməklə saytlar ip toplamaq xətrinə edirlər. Xəbər saytlarının məqsədi özünün oxucusunu artırmaqdır. Bu məsələdə ifrata varmaq qəbuledilməzdir”.

Kulis.az saytının baş redaktoru Ulucay Akif də düşünür ki, sayt oxucu ilə deyil, oxucu saytla hesablaşmalıdır: “Təəssüf ki, bu etik normaları pozur. Peşə və  anlayış qaydalarını pozur. Bu jurnalistlə bağlı həm də onun redaktorunun günahıdır. Bu həm də əxlaq məsələsidir. Bu kimi hallara qarşı mübarizə aparırıq, monitorinq keçiririk”.

Mətbuat Şurasını sədri Əflatun Amaşov düşünür ki, nəinki bu tip başlıqlar, hətta gələcəkdə fəsad törədə biləcək xəbərlərin yazılması belə birbaşa baş redaktorun və onu jurnalistinin məsuliyyət dairəsindədir.

Bəli, bəllidir ki, saytların bəziləri reytinq xətrinə qələmlərinin iyrənc tərəfini işə salırlar. İP yığmaq üçün əxlaqi norma və prinsiplərin pozulduğu xəbərləri tirajlayır, iyrənc başlıqlar qoyurlar. Bu cür xəbərlərin əksəri 18+ kateqoriyasında təqdim olunur. Ancaq heç kim zəmanət verə bilməz ki, həmin materialları 18 yaşdan aşağı şəxslər oxumur. O da bəllidir ki, çoxları 18+ işarəsindən əslində oxucunu təhrik etmək üçün istifadə edirlər. Özlüyündə isə bu cür materiallar insanlarda psixoloji gərginlik, əsəb yaradır. İş bununla da bitmir. Belə təqdimatlar jurnalistikanın nüfuzuna da ciddi zərbə vurur. Qarşısı necə alınmalıdır, kimlər almalıdır? Başlıqlar tez-tez gözə görünsə də, sualların cavabı gözəgörünməzə qalıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR